İyunun 15-də bir qrup tələbə Bakı Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirmək istəyir. Bu barədə tələbələr “Facebook”-da paylaşım edib.
Tələbələr aksiyanı “Tələbə google deyil! Dövlət imtahanına yox!” şüarı ilə təşkil edir.
“17 iyun,15-00-da BDU-nun önündə ədalət tələb edək!!!paylaşın və çəkinməyin biz gənclər dövlətə və dövlətçiliyə sadiq olduğumuzu Vətən Müharibəsində sübut etdik!” , – paylaşımda qeyd olunub.
Bakalavr tələbələrinin diplom işlərinin ləğvi ilə bağlı tələbləri uzun müddətdir ki, gündəmdir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, dövlət imtahanları müvafiq normativ aktlarla tənzimlənir.
Onun sözlərinə görə, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib.
“Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin, yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili QAYDALARI”nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, “2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.” Eyni zamanda həmin sənədə əsasən “2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”, – o bildirib.
Məsələ münasibət olaraq təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, tələbələrin etiraz etməsinin bir sıra haqlı tərəfləri var.
“Pandemiya dövründə tələbələrin keçmədiyi fənnlər üzrə imtahana suallar salınıb. Hansı ki, onlara həmin fənnlər üzrə imtahan vermədən güzəştlər edilib. İndi tələbələr məcburdur ki, keçmədiyi fənnlər üzrə imtahan versin. Dövlət imtahanını məntiqsiz hesab edirəm. Dünyanın heç bir ölkəsində bu sistem yoxdur. Yalnız keçmiş MDB ölkələrində qalıb”, – ekspert bildirib.
Kamran Əsədov onu da deyib ki, iki ildən sonra Azərbaycanda artıq dövlət imtahanları olmayacaq.
“İndi ikinci kursda oxuyanlar dördüncü kursa çatanda imtahan verməyəcək. Çünki yeni qaydalar belədir. Qarşıda bizi növbəti ildə sonuncu dövlət imtahanı gözləyir. Sonrakı illərdə dünya praktikası üzrə tələbələrə araşdırma mövzuları tapşırılacaq”, – Əsədov vurğulayıb.