“Molla oğlunu yanına alıb eşşəklə gedəndə biri deyir ki, oğlu niyə heyvanın belində gedir, qoca kişi piyada əziyyət çəkir. Sonra özü minir, kənardan deyirlər ki, o boyda kişi uşağa zülm edir, eşşək belində rahat gedir. Axırda molla bezir. Eyni vəziyyətdir.
Mən kitab mağazalarının açılmasını təklif etmişəm, sosial şəbəkədə yazırlar ki, kitabı neynirsiniz, millət acdır. Guya ac olan kitab oxuyur.Bu, təkcə stresslə bağlı deyil, görünür ki, cəmiyyəti arzuladığımız səviyyəyə gətirə bilməmişik”.
Reportyor.info xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirib. F.Mustafanın fikrincə, bəzi insanlar küçədə, yolda, marketlərdə məsuliyyətini dərk eləmir, heç bir fədakarlıq göstərmir, amma dövlətdən, polisdən, həkimdən eyni tələbkarlığı gözləyir.
“Əgər hamılıqla qaydalara əməl olunsa, hər yer açılar. İnsanlar primitiv bir qaydaya əməl etmir, maska taxıb növbə gözləmir. Yəni çox ağır və üzücü mənzərədir.
Dünyanın hər yerində belə qəzəbli təbəqə olur, amma qaydalara əməl etmək sanki diskomfort gətirir, özünü aşağılanmış sayır. Mən neçə adamı 40 mərasiminə getmək fikrindən daşındırmışam, telefonla da başsağlığı vermək olar.
Amma görürsən ki, incik düşürlər, deyirlər yasa niyə gəlmədin? Axı niyə gəlməliyəm? Qaydaları bilmirsən? Ona görə bütün bunlar cəmiyyətlə bağlı problemdir və təbii ki, maddi təminat da həll olunmalıdır. Mən məsələ qaldırmışam ki, bu ay da 190 manat birdəfəlik yardımlar verilməlidir”.