Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmin məmur xuliqanlıq edib. Ona görə də cəzalanmalıdır.
Bu sözləri millət vəkili Aqil Abbas Bakıda “Leksus” markalı 10 VX 707 dövlət nömrə nişanlı avtomobilin sahibi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Tofiq oğlu Dadaşovun motosiklet sürücüsünü vurması və təhqir etməsi ilə bağlı görüntülər haqda Bakipost.az-a danışarkən deyib.
“Əgər motosiklet sürücüsü şikayət edərsə, o, mütləq cəzalandırılacaq. Heç kimə döymək, təhqir etmək hüququ verilməyib. Konstitutsiyada hər kəsin hüquq bərabərliyi var. Vəzifəsi var, lap yaxşı, amma bu hərəkət yolverilməzdir. Həmin vəzifəli şəxsin işdən azad olunması barədə işlədiyi yer qərar çıxara bilər. Əgər mənim elə işçim olsa, bir dəqiqə işdə saxlamaram. Çox güman ki, cəzalanacaq. Kim olur olsun, ona kimisə döymək hüququ verilməyib. Cənab Prezident deyir ki, dövlət məmuru xalqın xidmətçisidir. Xalqın xidmətçisi belə iş görməməlidir”.