“Bu gün Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətini gözdən salmağa çalışmaq Ermənistanın təxribatına dəstək verməkdir”.
Bunu “MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, bu cür hərəkətlər yolverilməzdir. Ordumuzun təxribatlarla mübarizə apardığı vaxtda ordu rəhbərliyinə qarşı ittihamlar səsləndirmək təxribatı dəstəkləməkdir:
“Hazırda ordu rəhbərliyinə, xüsusilə Baş Qərargah rəisi Nəcməddin Sadıkova qarşı aparılan qarayaxma kampaniyasının arxasında bilavasitə Azərbaycana hərbi təcavüz etmiş ermənilərin maraqlarına xidmət dayanır”.
Deputat bildirib ki, belə xoşagəlməz halı qınayır, çünki düzgün deyil: “Ələlxüsus Azərbaycana qarşı təxribatların olduğu və Silahlı Qüvvələrimizin döyüş şəraitində olmasını nəzərə alsaq, Azərbaycan Ordusu rəhbərliyinə qarşı ittihamlar səsləndirilməsi düz deyil. Əgər konkret şəxslər barədə faktlar varsa, ölkəmizin aidiyyatı qurumlarına müraciət etmək lazımdır. Müraciət edilmirsə, susmaq lazımdır. Çünki bu gün Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətini gözdən salmaq Ermənistanın təxribatına dəstək verməkdir. Nəcməddin Sadıkov uzun illərdir ki, xidməti vəzifəsini icra edir. Onu o vəzifəyə inanaraq, etibar edərək Ali Baş Komandan təyin edib. Vəzifəsini icra edə bilməyən insan o strukturda uzun müddət ola bilməzdi. Hazırda bu kampaniyanı dayandırıb milli maraqları üstün tutmalıyıq”.