“Təəssüf ki, biz Azərbaycana dəstək verdik” deyən CHP millət vəkili, Türkiyənin Bakıdakı sabiq səfiri (2001-2004) Əhməd Ünal Çeviköz iddialara görə, ermənipərəst siyasətçilərdən biri kimi tanınır.
“Yeni Müsavat” yada salır ki, Çeviköz, fiaskoya uğrayan məşhur “erməni açılımı”nın müəlliflərindən biridir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Əhməd Ünal Çeviköz olub. Protokolları hazırlayarkən Çeviköz Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı.
Bu üzdəniraq layihə Azərbaycan hakimiyyəti və ictimaiyyətinin vaxtında gerçəkləşən basqısı nəticəsində reallaşa bilmədi.
Məlumdur ki, Məhərrəm İncə bir neçə gün öncə ana müxalifət partiyası CHP-dən istefa verib. İncə istefa verərəkən belə bir cümlə işlədib: “Təəssüf ki, biz Azərbaycana dəstək verdik” deyənlərlə bir yerdə ola bilmərəm”. Sirr deyil ki, Azərbaycanın əleyhinə işlədilən həmin cümlə Türkiyənin Azərbaycandakı keçmiş səfiri və sonradan CHP-nin əsas simalarından olan Əhməd Ünal Çeviközün dilindən çıxıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında Çeviközü tanıdığını bildirdi. S.Rüstəmxanlının sözlərinə görə, Türkiyənin rəsmi siyasəti Azərbaycana kömək etməkdir, Türk birliyini möhkəmləndirməkdir:
“Türkiyə Azərbaycan haqlı olduğu üçün onun yanındadır, dəstək verir. Əgər Çeviköz Ərdoğana qarşı çıxış edirsə, onu cümhurbaşqanına desin, mətbuata belə mesaj vermək həm Türkiyə, həm Azərbaycan xalqına hörmətsizlikdir”.
Deputat qeyd etdi ki, CHP millət vəkili bu çıxışı ilə nə öz ölkəsini, nə Azərbaycanı qəbul edir: “Belə anlaşılmaz və səfeh bəyanat verməsi qəbuledilməzdir”.