Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barəsində iddialar, müxtəlif kompromat materiallar yenidən tirajlanmaqdadır.
Onun adının tez-tez Azərbaycan ordusunun əleyhinə iş aparmaqda hallandırılması, döyüşlər zamanı dövlətə düşmən mövqedə dayanması, Rusiyanın maraqlarına xidmət göstərməsi, Türkiyə ilə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinə əngəl olması barədə ittihamlar yenidən qızışıb.
Deputat Fəzail Ağamalı N.Sadıkovla bağlı yayılan informasiyaların düşünülmüş şəkildə nüfuzdan salmaq kampaniyası olduğunu qeyd etdi.
Onun sözlərinə görə, daha əvvəl də qardaşının Ermənistan hərbi bazasında qulluq etməsi barədə sərsəmləmələr eşidilirdi: “Məlum oldu ki, bir qardaşı var, o da dünyasını dəyişib.
Son iddialara gəlincə, nazirlik səviyyəsində açıqlama verilibsə və Nəcməddin Sadıkov belə yüksək vəzifəni daşıyırsa, deməli, onun dosyesi həm təhlükəsizlik orqanlarında, həm prezidentdə var.
Mən ardıcıl olaraq aparılan kampaniyanı qəsdən gözdənsalma hesab edirəm. Çünki o, sıradan insan deyil”.
F.Ağamalı bundan qabaq da Müdafiə Nazirliyinə qarşı kampaniya başlandığını xatırlatdı:
“Mən həmin vaxt bu cəhdi göstərənlərə qarşı çıxdım. Zakir Həsənovu tanıdığım üçün konkret faktlarla fikrimi əsaslandırdım. Eyni sözləri Nəcməddin Sadıkov haqda da söyləmək olar.
O, adi zabit deyil, Baş Qərargah rəisidir, gənc yaşlarından döyüşlərdə iştirak edib, zabit şərəfini yüksək səviyyədə qoruyub. Onunla döyüşənlər də Nəcməddin Sadıkov haqda yaxşı fikirlər söyləyirlər.
Məsələn, Sərsəng ətrafında gedən döyüşlər zamanı Nəcməddin Sadıkovun Sərdar Həmidov və Surət Hüseynovla fikir ixtilafı yarandığı bildirilirdi. Bu haqda mətbuatda məlumatlar dərc olunub. Amma Nəcməddin Sadıkov haqda iddiaların sübutu yoxdur”.
Deputat söylədi ki, o, Azərbaycan dilini yaxşı bilməyə bilər: “Nəcməddin Sadıkovun dilimizi səlis bilməməsi çatışmazlıq ola bilər.
Amma o demək deyil ki, azərbaycanca bilmir. Əsas odur ki, peşəkar hərbçidir və üzərinə düşən vəzifəni yerinə yetirir.
Elə son Tovuz döyüşlərində Zakir Həsənovla birgə peşəkarlığı sayəsində erməni kommunikasiyası darmadağın edildi, üstünlük əldə olundu.
Bu uğurlu nəticədə onun da payı var. Odur ki, Nəcməddin Sadıkov ölkənin müdafiə sisteminə zidd fəaliyyət göstərmiş olsaydı, bu vəzifəni tutmazdı. Mənə elə gəlir, bütün bunlar Milli Orduya yönəlik əks təbliğatın tərkib hissəsidir”.