Bakıda keçirilən orduya dəstək yürüşündə işıqlı simaların önə çıxması labüd idi. Necə ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki proseslərdə ziyalılar lokomotiv idilər, kütləni arxasınca daşıyırdılar.
Yazıçı-deputat Aqil Abbas ziyalının hörmətdən düşməsi fikri ilə qətiyyən razılaşmır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Bakıda keçirilən sözügedən yürüş ekspromt idi: “Xalqın ziyalısı var. Amma bu gün sosial şəbəkələrdəki trol ordusu ziyalılar haqda o qədər təhqirlər yazıbar ki, xalqın gözündən salıblar. Məni demədiyim sözə görə nə qədər aşağılayırdılar, söyürdülər. Azərbaycanda Anardan çox sevilən yazıçı yox idi. Əgər həmin gecə ora getsəydi, çıxış etməyə imkan verməzdilər, təxribatçılar onu daş-qalaq edərdilər. Yadınıza gəlirsə, o dövrdə Ziya Bünyadova fit çalırdılar. Yəni o boyda akademikə fit çalanlar var idi”.
A.Abbas qeyd edib ki, əgər planlaşdırılmış mitinq olsaydı gedib çıxış etmək olardı: “Hər şey spontan baş verdi, xalqın dövlətə və orduya dəstək yürüşü idi. Amma sonradan təxribatçılar öyrədilərək ora göndərildi. Sən şəhid generala, orduya görə yürüşə qatılmısansa, Milli Məclisi niyə dağıdırsan?
Ona görə də ölkənin sevilən yazıçısı, şairi, bəstəkarı var, ziyalıları hörmətdən düşməyib. Sadəcə, həmin vaxt ora Şeyxülislam da getmiş olsaydı, o təxribatçılar nüfuzlu adama da danışmağa imkan verməzdilər”.




















