Belə mülahizələr də səslənir ki, əslində ABŞ Türkiyə vasitəsilə Azərbaycanı NATO standartlarında müharibəyə hazırlayır. Bu proqnozların nə dərəcədə real olduğunu söyləmək çətindir. Ekspertlər isə düşünürlər ki, ABŞ Cənubi Qafqazda Türkiyənin əli ilə Rusiyanı yerinə oturtmağı hədəfləyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə-Azərbaycan arasında hərbi müttəfiqliyin genişləndirilməsi regionda stabilliyin qorunması və beynəlxalq hüququn bərqərar olunması üçün görülən işlərin tərkib hissəsidir. O hesab edir ki, hər iki dövlət müttəfiq və qardaş ölkələrdir, beynəlxalq hüququn icazə verdiyi çərçivədə hərbi əməkdaşlığı genişləndirirlər:
“Birgə hərbi təlimlərin keçirilməsi, silahlı qüvvələrin qarşılıqlı təcrübəsinə yiyələnməsi bu qəbildən olan məsələlərdəndir. Eyni zamanda, Türkiyə milli müdafiə nazirinin ölkəmizə səfəri göstərdi ki, Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.
Azərbaycan isə öz ərazi bütövlüyünü təmin edilməsində ordu faktoruna gündəmə gətirməkdədir və torpaqlarının işğaldan azad edilməsi üçün bütün imkanlardan istifadə edir. O cümlədən hərbi yol da heç vaxt istisna deyil”.
Deputatın sözlərinə görə, Ermənistan torpaqlarımızı işğalda saxlamaqla yanaşı, vaxtaşırı hərbi provokasiyalara əl atır və bunun da cavabı verilməlidir: “Bu baxımdan son təlimlər, görüşlər Türkiyə ilə Azərbaycanın hərbi təcrübələrinin bölüşdürülməsi və regionda stabilliyin qorunması istiqamətində atılan mühüm addımlardır”.