… Ermənilər Şuşanı işğal edəndə əməliyyatın adını “Dağlarda toy” qoymuşdular. Mayın 6-da Şuşakəndə kimlər toplaşmamışdı – Köçəryan, Sərkisyan, Zori Balayan, Baronessa Koks, Elena Bonner, Saxarovun ögey oğlu Semenov… Bəs, indi haradadır onlar? Nə oldu, Paşinyan yox, nə oldu Köçəryan, nə oldu Balayan? Çünki onlara dağlarda elə toy tutduq ki, o əməliyyatın adını bir də çətin dillərinə gətirsinlər. İndi bir ad var – İti qovan əməliyyatı…
Daha Balayan “miatsum” sərsəmləməsini sayıqlaya da bilmir, Köçəryan ayağını heç Xankəndinə basa bilməz, Sərkisyan daha fəxrlə 8 maydan danışa bilmir, çünki 8 noyabr var.
… Həyatımda bu qədər həyəcanlı olmamışdım. Səhərə qədər də narahat yatmışdım. Telefona gələn zəng yuxularımı qarışdırmışdı, Medianın İnkişaf Agentliyindən Şuşa səfərinə dəvət edilməyim qəribə hisslər yaratmışdı. Tezdən həmkarlarla yola çıxanda da heç cür həyəcanımı boğa bilmirdim. Bir az yol gedəndən sonra sakitləşə bildim, amma müvəqqəti imiş, Qarabağdan – azad edilən hər qarışdan keçəndə, Şuşaya getdikcə yaxınlaşanda az qalırdı ürəyim yerindən qopsun. Və o ağır 90-cı illər, ermənilərin Şuşanı işğal etməsindən fəxrlə danışmaları, Ramiz Qəmbərovun igidliyi, şuşalıların yaşadıqları bir də gözlərim önünə sərildi. Nə boyda bir boşluq yaranmışdı – 28 illik ayrılıq. Bu illərdə ermənilər yallı getmiş, çaxır içmişdi Şuşada, hansısa aşotun uşağı bu yerin onları torpağı olduğuna inandırılmışdı. İndisə mif dağılıb, ermənilər yuxudan ayılıb, torpağın əsl sahibləri qayıdıb.
Şuşasız 28 il… Bir igidin ömrüdü bu. Və elə Şuşa işğal olanda doğulanlar bu şəhəri azad elədilər.
İndi bu yerləri gəzdikcə özümü xəyallar aləmində hiss edirdim, yer ayaqlarımın altından qaçırdı, sanki yaxşı bir yuxu görürdüm. Axı biz o zaman uşaq idik, Şuşanı televiziyadan görmüşdük, son illərdə ümidimiz qırılmışdı, Qarabağın azad olacağını daha gözləmirdik. İndisə Şuşanı gəzirəm – Cıdır düzü, Gövhər ağa məscidi, hər gün bişirilən çörəyin aləmə yayılan nəfis ətri, o dağların gözəl havası, həmkarlarımın səs-sədası… Bu yerdə əlimi yumaq istəyəndə qəribə bir hadisə baş verdi. Dedilər ki, Şuşada hansısa səbəbdən su kəsilib, amma iş gedir, düzələcək. Bir problem ancaq bu qədər qulağa xoş, şirin gələ bilərdi. Bəli, Əhmədlidə, Binəqədidə, Xırdalanda yox, Şuşada su kəsilib. Ağlıma da gəlməzdi ki, nə vaxtsa suyun kəsilməsi sözünə belə sevinə bilərəm. Şuşada isə bu söz şirin səslənirdi.
İndi Şuşada su da var, işıq da, qaz da… İndi Şuşa şuşalıları gözləyir. Bu şəhərin 22 min sakini didərgin düşmüşdü, indi daha çoxu öz qalasına – mənəvi paytaxtımıza qayıtmalıdır. Uzaqda deyil o gün, Şuşa əsl, sahiblərinə tezliklə əbədi qovuşacaq, evlərdə çıraq yanacaq, küçələrdən uşaqların səsi eşidiləcək, həyat öz axarına dönəcək, qaynayacaq.
… Axşam tərəfi idi. Biz Bakıya qayıtmalı idik. Amma doymadım Şuşadan, yorulmadım, xatirələr, keçmişlə bu gün arasında yanan körpülər gəldi gözlərimin önünə və fikirləşdim – haqq nazilər, üzülməz. Biz ədaləti bərpa eləmişik və Allah haqqı nahaqqa vermədi. Sonda 1 günlük bu həyəcanı, bu səfəri mənə yaşadanlara minnətdaram, Şuşa – sən azadsan!!!