“Reportyor.info” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çex Səhiyyə naziri Adam Voytex məlumat verib. Voytexin sözlərinə görə, çexlər yenidən başqa ölkələrin kurortlarında dincələ biləcəklər, ancaq geri qayıtdıqdan sonra ya koronavirusa yoluxmadıqları barədə arayış təqdim etməli, ya da iki həftə karantində qalmalı olacaqlar.
Çex Respublikası xaricilərin, tələbələrin və iş vizası olanların ölkəyə daxil olmasına qoyulan qadağanı yüngülləşdirib. Eyni zamanda vətəndaşlara 10 nəfərlik qruplarda toplaşmaq icazəsi verilib (bundan əvvəl yalnız iki nəfər), lakin hər kəs maska taxmalıdır.
Aprelin 27-dən hökumətin planına əsasən, Çex universitetlərində təhsil bərpa ediləcək, sahəsi 2500 kvadratmetrə qədər olan mağazalar, fitnes mərkəzləri, kitabxanalar, hətta zooparklar da açılacaq. Beləliklə, Çex hökuməti digər məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsi üçün əvvəllər təsdiq edilmiş cədvələ yenidən baxıb.
Çex Respublikasında martın 12-dən etibarən fövqəladə vəziyyət rejimi, martın 16-dan isə milli karantin tətbiq edilmişdi. Aprelin 24-də hökumətin fövqəladə vəziyyət rejiminin mayın 25-dək uzadılmasını təsdiqlədiyi bildirilmişdi.
Qeyd edək ki, Çex Respublikasında koronavirus xəstələrinin sayı 7 187-ə çatıb, 210 nəfərə yaxın insan ölüb.