Bağdad şəhərində İran generalı Qasım Süleymani və İraqda şiə qüvvələrinin lideri Əbu Mehdi Əl-Mühəndisin dəfn mərasimi başlayıb.
Onların milli bayraqlarına sarınmış nəşi Bağdadın Əl Muthana hava limanındandan Xədimiyə rayonundakı şiə ziyarətgahına aparılacaq.
Yerli media xəbər verir ki, matəm mərasiminə minlərlə iraqlı qatılıb, onlar qara geyiniblər və əllərində silahlı qrupların fotolarını tutublar.
Mərasim iştirakçıları əl-Cədriyə rayonundan da keçərək ABŞ səfirliyi də yerləşdiyi məşhur Yaşıl Zonanın darvazası önünə gələcəklər.
Sonradan Süleymaninin və Əl-Mühəndisin nəşi şiələrin müqəddəs şəhəri Nəcəfə aparılacaq.
Bundan sonra Süleymaninin nəşi İrana göndəriləcək.
Nə baş verib?
Cümə günü ABŞ qüvvələri Bağdad hava limanı yaxınlığında Qasım Süleymani də daxil olmaqla, azı 10 nəfərin həlak olması ilə nəticələnən hücum həyata keçirib.
ABŞ hücum əmrinin Prezident Donald Trump-dan gəldiyini bildirib. Rəsmilərə görə, səbəb “təhlükə hesab edilən kişidən xaricdəki ABŞ hərbçilərini qorumaq” olub.
Süleymani İranın İslam İnqilabi Keşikçiləri Korpusunun elit Qüds qüvvələrinin lideri idi.
İranın Ali Dini Lideri Ayətullah Xameneyiyə çox yaxın olan Süleymani İranda ikinci güclü adam kimi tanınırdı.
Rəsmi Tehran hadisəni pisləyib və “cinayətkarlardan sərt qisas alınacağını” elan edib.