Böyük ehtimalla Armen Sərkisyan ikinci tur olmadan qalib gələcək
Bu gün Ermənistan parlamenti ölkənin yeni prezidentini seçir. Hakim Respublikaçılar Partiyasının lideri, prezident Serj Sərkisyanın “vəlihəd” gözü ilə baxdığı, ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan əsas namizəddir.
Armen Sərkisyanın 65 yaşı var. Nəzəri fizika və riyaziyyat ixtisası üzrə İrəvan Dövlət Universitetini bitirib. 1976-1984-cü illərdə YDU-da fizika üzrə dərs deyib, universitetdə kompleks nəzəri fizika sistemlərinin kompüter modelləşdirilməsi şöbəsini təsis edib. 1984-1995-ci illərdə gənc alim kimi Cambridge Universitetində dərs deyib. ASərkisyan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun və Britaniya Astronomiya Cəmiyyətinin üzvüdür. Nəzəri fizika, astrofizika və kompüter modelləşdirilməsi üzrə 50-də çox elmi məqalə və 3 dərslik vasitəsinin müəllifidir. 1992-ci ildən bu günədək, qısamüddətli fasilələrlə, diplomatik sahədə çalışıb. Müxtəlif illərdə Ermənistanın Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri olub. 1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri vəzifəsində olub. A.Sərkisyan 2001-2013-cü illərdə “British Petroleum”, “Alcatel”, “Telefonica”, “Merrill Lynch” və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb. Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda onun Ermənistanda və xaricdə bir neçə şirkətə malik olduğu deyilir.
Reportyor.info