Son zamanlar insanlar arasında aqressiv davranışlar artıb. Təkcə bu gün Ağadadaş Ağeyevin klinikalardan birində balta ilə insidentə səbəb olması, Xırdalanda ərin həyat yoldaşını hündürmərtəbəli binadan atmaqda şübhəli bilinməsi, eləcə də ötən gün əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirməsi xəbərləri ölkə KİV-nin gündəmini zəbt edib. Görəsən insanların bu cür aqressiyasının səbəbi nədir?
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu hər bir aqressiv davranışa təsir edən 4 amilin olduğunu bildirdi:
“Birinci öz şəxsi keyfiyyətləri, xarakterilə bağlıdır. İkincisi insanın yaşadığı mühit, orada baş verən hadisələrdir. Üçüncüsü aldığı informasiyalardır. Sonuncusu isə üstünlük verdiyi dəyərlərdir. Birinci səbəbi nəzərə alarsaq, bizim etnik tərkibimiz, milli-mənəvi dəyərlərimiz çox da dəyişikliyə məruz qalmayıb. Bunlar da xarakterə təsir etdiyi üçün bu amilin aqressiv olmağa çox da təsir edəcəyini düşünmürəm. Mühitdə isə insanların bir-birinə qarşı nəzakət, etik davranışları dəyişikliyə uğrayıb”. Sosioloq insanların üstünlük verdiyi dəyərlər də əvvəlki illərlə müqayisədə xeyli dəyişikliyə məruz qaldığını da diqqətə çatdırıb. O, bildirib ki, bu 3 amildə baş verən dəyişikliklər cəmiyyətdə aqressiyanın artmasına gətirib çıxarır.
“Əvvəllər bunun qarşısını almaq üçün məktəbdə təlim-tərbiyyə sistemi işləyirdi. Ancaq indi məktəb bu amillərə təsir edə bilmir. Əvvəllər şagirdlərə milli-mənəvi dəyərlərimiz, əxlaqi prinsiplərimiz təlqin edilirdi. Ancaq indi bunlar edilmir. Azərbaycandan fərqli olaraq Türkiyənin təhsil sistemində bu kimi dəyərlər aşılanır. Çox istərdim ki, bizdə də bu prosses icra olunsun”, – deyə Əhməd Qəşəmoğlu bildirib.
Sosioloq cəmiyyətdə aqressiyanın artmasına səbəb kimi təlim-tərbiyyə sisteminin düzgün olmamasını göstərib: “Bəzən deyirlər ki, valideynlər nələrsə etməlidirlər. Axı valideyn özü də bilmir ki, uşağı necə yönəltsin. Ona görə ilk növbədə valideynlərin də maariflənməsi üçün təcili işlər görülməlidir.”