Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torpaq qatı sürüşüb.
APA xəbər verir ki, hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.
Qeyd edək ki, ötən gün günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib. Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən “Xəzər GLX” MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib.
Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Qeydə alınmış görüntülərə əsasən, uçqun zamanı hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin torpaq qatı altında qalması ehtimal edilir.
Qeyd edək ki, küçədə hərəkətsiz vəziyyətdə olan “Mercedes” markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.
***
Bakıda yolda sürüşməni baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Ərazidə sürüşmə zonasının aktiv olduğu güman edilir. İlkin ehtimala görə, gecə saatlarında da növbəti torpaq sürüşməsi baş verib. Bu səbəbdən təhlükəli ərazinin sahəsi genişlənib.
Hadisə ilə əlaqədar yolda gediş-gəliş bağlanıb. Sürüşmə zonasına nəzarət gücləndirilib, ərazi əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.
Avtomobillərin hərəkəti köhnə yol ilə “20-ci Sahə” adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə baş verən əraziyə gedib. İcra başçısı və qurumun xidmət rəhbərləri hadisə yerinə baxış keçiriblər.
https://www.youtube.com/watch?v=mp997xoEx24&feature=emb_title