Belqorodda çoxmərtəbəli binanın bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb. Bu gün səhər saatlarında daha bir nəfərin meyiti dağıntılar altından çıxarılıb.
Reportyor.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlik daha əvvəl ölənlər arasında iki uşağın olduğunu bildirmişdi.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, axtarış işləri və dağıntıların təmizlənməsi başa çatıb, 17 nəfər xilas edilib. 27 nəfər yaralanıb. Altı qurban federal klinikalara göndərilməyə hazırlanır. Onların arasında anası ilə bir ay yarımlıq uşaq da var. Qubernator daha 11 nəfərin yerli xəstəxanalarda qaldığını bildirib.⠀
Dağılmış binanın 36 sakini müvəqqəti məskunlaşma mərkəzlərindədir. Fövqəladə Hallar Nazirliyi bundan əvvəl 16 mənzilin tamamilə dağıldığını bildirmişdi.
Rusiya hakimiyyət orqanları dağıntının Ukraynanın atəşi nəticəsində baş verdiyini bəyan edib. Teleqram kanallarında partlayış anını əks etdirən müşahidə kamerasından olduğu iddia edilən video yayılır.
Bazar günü səhər Ukrayna ilə sərhəddə yerləşən şəhərdə ikinci raket xəbərdarlığının verilməsindən qısa müddət sonra binanın çökməsi ilə bağlı məlumatlar yayılıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, giriş birbaşa mərmi zərbəsi əticəsində uçub.
Daha sonra Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna hərbçiləri Belqorodu “Toçka-U” taktiki raket kompleksi və MLRS-dən atəşə tutub, raketlər və mərmilər vurulub. Lakin “vurulan raketlərdən birinin fraqmentləri Belqoro şəhərindəki yaşayış binasına ziyan vurub.
Rusiya İstintaq Komitəsi terror aktı maddəsi ilə cinayət işi açıb.
Hərbi analitik Aqil Rüstəmzadə olayı şərh edərkən bildirib ki, partlayışın gücü və yeri kimi amillərə əsasən, Belqoroddakı hündürmərtəbəli binanın Rusiya təyyarəsindın atılan BETAB-500 hava bombası tərəfindən dağıdıdlığını söyləmək olar.
“Rusiya aviasiya bombalarının təsadüfən relsdən çıxması ilə bağlı 20-dən çox hadisə var”, – ekspert vurğulayıb.