Nankorluq haqqında Dostoyevskinin məhşur bir cümləsi var: Havalar soyuyanda , insan kölgə verən ağacları unudur.
Nankorlar və nankor insanların qurbanları yer üzündə yetəri qədərdir. Lakin mən mahiyyətə önəm verərək dolayısı ilə şahidi olduğum nankorluğu və qurbanın taleyini diqqətlərə daşımaq istəyirəm.
Bu istəyin ortaya çıxmasının səbəbkarı gənc və məhşur bəstəkar, hazırda şou-biznes sahəsində onun mahnıları hesabına ad-san və rəğbət qazanmış müğənnilərə tanış olan Tural Bayraməliyevdir. Mən onun ictimai əsaslarla hüquqlarının müdafiəçisiyəm.
Bir müddətdir məhkəmələr tərəfindən ədalətsiz mühakimə olunaraq həbsə məhkum edilməsi haqqında məlumat xarakterli silsilə yazılarla mətbuat orqanlarında çıxışlar edirəm. Bir neçə gün öncə isə qərara gəldim ki, bu gənc bəstəkarın istedadının hansı həddə, hansı cazibədə və kimləri əhatə etməsi haqqında qısa bir araşdırma edim. Deməyə məcburam ki, nəticə məni çox üzdü. Məlum oldu ki, bu gənc bəstəkar təkcə məmləkətimizdə bir növ adiləşmiş ədalətsizliyin, özbaşınalığın, sifarişli məhkəmə hökmünün deyil, həm də istedadı ilə məhşurluq və avanqardlıq imici bəxş etmiş sənət adamlarının nankorluğunun qurbanıdır.
Onların arasında səsi və sadəliyi ilə seçilən “Damla”nın adını görməyim bu nəticədən keçirdiyim üzüntünü daha da artırdı. Məlumat üçün qeyd edim ki, mən Damlanı sənət adamı olaraq 2015-ci ildə “Qürur” və “Bu bahar” mahnıları ilə tanıyıb, sevmişəm. Hansı ki, bu mahnıların sözlərinin və musiqisinin bəstəsi sən demə Tural Bayraməliyevə aid imiş. Doğrusu heç fikir verməmişdim. Bu fakt mənə agah olandan sonra Turalın böyük istedat sahibi olduğuna heyran qalmamaq və bir o qədər də hiddətə qapılmamaq mümkün olmadı. Hiddətimin səbəbi, daha doğrusu səbəbləri əlbəttə ki, məlumdur: Tural bu gün məmur özbaşınalığının, məhkəmə hakimiyyətsizliyinin, qanunu ayaqlar altına atan ünsürlərin qurbanıdırsa, digər tərəfdən sənətinə işıq saçdığı Damla kimi müğənnilərin nankorluqlarının qurbanıdır. Heç istəməzdim belə bir məzmunda öz fikirlərimi bölüşəm. Amma ədalətli olmaq da mənim yaşam meyarımdır. Bundan imtina edə bilmərəm. Kimin xətrinə dəyirsə, dəysin. Turalla bağlı qeyd etdiklərim mənim xətrimə dəyirsə, deməli mən bir insan olaraq biganəliyin və nankorluğun düşməniyəm. Amma arzuedilən idi ki, səsi və sənəti oxuduğu mahnılara görə sevilən Damla da, onun timsalında digər sənət adamları da Turala münasibətdə bu mövqedə olardı. Çünki onlar da insandırlar. Və nəzərə alaq ki, bir insana qarşı yönəlmiş ədatəlsizlik, bütövlükdə o insanın yaşadığı cəmiyyətə qarşı ədalətsizlikdir. Qəti yanlış anlaşılmasın: Tural özü məğrur adamdır -İncik ola bilər, amma bu incikliyi simaca, əməlcə qəti biruzə verməz. Odur ki, Turala qarşı gördüyüm bu nankor və biganə münasibətin diqqətlərə çatdırılması sırf mənim təşəbbüsümdür. Hə, sonda onu da deyim: Tural məhz o bəstəkardır ki, istedadının məhsulu ilə alver etməyib. Bütün mahnılarını təmənnasız olaraq müğənnilərə bağışlayıb. Onların arasında başda Damla olmaqla; Günya İbrahimli, Sevil Sevinc bacıları, Almaz Ələsgərova, Nadir Qafarzadə, Aygün Kazımova, Samir Piriyev, Biriliant Dadaşova, Aysel Əiizadə, Vəfa Şərifova kimi məhşurlar var.
İctimai vəkil Samir Zeynalov