Martın 6-da saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Reportyor.info nın məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ərazidə Gülbaxt əhəng-daş yatağında yerləşən “Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanaraq yaxınlıqda yerləşən digər daş karxanasının işçisi 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşmüş və nəticədə sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.