Milli Məclisin İnsan huquqları komitəsinin üzvü Hikmət Babaoğlu xaricdə fəaliyyət göstərən və Baş Prokurorluğa çağırılan blogerlərin internet kanallarına Azərbaycandan canlı yayımla qatılan bir sıra siyasətçilərin də məsuliyyətə cəlb ediləcəkləri barədə müzakirələrə aydınlıq gətirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, haqlarında Baş Prokurorluq tərəfindən ittiham irəli sürülmüş şəxslərin məhkəmə vasitəsilə günahsızlıqları sübut olunmayana qədər onlarla birlikdə sinxron hərəkət etmək məsuliyyətli vətəndaşlar üçün yolverilməzdir.
“Amma təəssüf ki, bəzən biz belə hallara rast gəlirik. Nəticə etibarilə, bu cür qərarlar qanunu pozanlarla ortaq olmaq mənasına gəlir. Heç kəsin Azərbaycan həqiqətlərini təhrif etməyə, ona şər-böhtan atmağa, Azərbaycanın siyasi mədəniyyətini deqradasiyaya uğratmağa haqqı yoxdur. Çox təəssüf ki, xaricdə oturan blogerlər məhz bu işlə məşğuldurlar. Siyasi mədəniyyətimizə, milli əxlaqımıza yaraşmayan ifadələr işlətməklə, hadisələri təhrif etməklə Azərbaycan və Azərbaycan xalqı əleyhinə hüquqi məsuliyyət yaradan hərəkətlər edirlər. Baş vermiş hər hansı qanunsuzluqda, hüquqda bir də ortaq olanlar kateqoriyası var. Yəni hər hansı bir cinayəti, qeyri-qanuni hərəkəti edən şəxslə bərabər bu əməllərdə iştirakçı olan şəxslərə də məsuliyyət nəzərdə tutulur. Bu, çəkindirmə vasitəsidir”, – o bildirib.




















