“Baş nazirin son qərarı və Prezidentin tapşırığından sonra həmin qərarın geri oxunması sübut elədi ki, hökumətdə təmsil olunan adamlar işləmirlər”.
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, hazırda hökumətin fəaliyyəti iflic vəziyyətdədir. Onun sözlərinə görə, son dövrlər məmurlar xalqın zərərinə qərarlar vermək üçün yarışa giriblər:
“Meşələrlə bağlı verilən qərar biabırçılığın son həddi idi. Ona görə də Prezident müdaxilə etdi və qərar ləğv olundu. Novruz Məmmədov bu işlərdən başı çıxmırsa, mütəxəssisləri dəvət eləsin. İş görüntüsü yaratmaq üçün gündə bir qərar vermək nə deməkdir? Ona görə də axırı belə olur. Tərcüməçi olub, xarici siyasətlə məşğul olub, bu sahələri yaxşı bilmir. Amma baş nazir gərək ətrafına işi bilənləri toplasın. Təəssüflə deməliyəm ki, Prezident xalqın yaynındadır, məmurlar isə radikal müxalifəti maraqlarına xidmət edir. Bu adamlar hər dəqiqə çalışırlar ki, camaatı qıcıqlandıran, narazı salan addımlar atsınlar. Bütün fəaliyyətləri ona yönəlib ki, ölkə başçısının nüfuzuna xələl gəlsin. Bunu nəzərə alaraq, əziz qardaşım İlham Əliyev ciddi tədbirlər görməlidir”.
Partiya sədri onu da deyib ki, hökumətin fəliyyətsiziliyi üzündən bütün yük Prezidentin çiyinlərinə düşüb.
“Diqqət edirsinizsə, bütün problemlərə Prezident reaksiya verir, bütün məsələlərin həllinə çalışır. Belə olmaz axı? Bu qədər yükün altına girən Prezidentə qarşı da mənfur əməllərlə məşğuldurlar. Zəlzələ olur, Prezident vətəndaşın yanında olur, hər ay bir rayonda olur, camaatla görüşür. Baş nazir və onun müavinləri rayonların yolunu belə tanımırlar. Ona görə də biz Prezidenti arxasında dayanmalıyıq, xalqdan dəstək alan ölkə başçısı bizi daha uğurlu inkişafa aparacaq. Ən yaxışısı o olar ki, baş nazir və müavinləri istefa versinlər. Amma bu adamlar kreslolarından elə yapəşıblar ki, onları oradan ayırsan, ürəkləri partlayar. Odur ki, ciddi islahatlar aparıb, yarıtmaz məmurları ola salmaq lazımdır. Prezident bu işə başlayıb, ona dəstək olmalıyıq ki, islahatlar davam eləsin” – deyə partiya sədri fikrini tamamlyıb.