Ölkə ərazisində mənşəyi məlum olmayan, murdar, qida üçün yararsız leş əti satan daha bir dələduz ifşa edilib. Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib
Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib.
“Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı,ətin kəskin iyli olduğu məlum olub. Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir”, – məlumatda qeyd olunur.
Bu, son bir-iki ay ərzində ifşa edilən və leş ətinin satışı kimi murdar bizneslə məşğul olan mütəşəkkil qruplaşmalara qarşı ikinci belə əməliyyatdır. Xatırladaq ki, ötən ay “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanova və onun mütəşəkkil dəstəsinə qarşı əməliyyat keçirilmişdi.
Dəstə üzvlərinin Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən evlərinə, sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.
Ölkə boyu fəaliyyət göstərən “leş mafiyası”nın əməlləri barədə illərdir yazılır, danışılır. Son vaxtlar bu mafiyaya qarşı nəhayət tədbirlər görüldüyü müşahidə edilməkdədir, amma belə görünür ki, fəaliyyətini davam etdirən daha neçə “leş tofiqlər” iş başındadır. Onlar rayonlardan ölmüş və ya xəstə heyvanların cəmdəklərini toplayır, gizli sexlərində satışa hazırlayır və daha sonra iaşə şəbəkələrinə ötürürlər. Bu cür leş ətlərindən əsasən dönərxanaların istifadə etdiyi təxmin edilir, lakin digər iri iaşə müəssisələrinin də insan həyatını heçə sayaraq “leş tofiqlərin” daşıdığı murdar ətlərdən istifadə etdiyinə dair ciddi şübhələr var.
Lakin “leş tofiqlər” kütləvi şəkildə insanların həyatını təhlükəyə atdıqları üçün layiq olduqları cəzaları alırmı? Yoxsa belələri qısamüddətli həbsdən sonra hansısa yollarla yenidən azadlığa çıxırlar və heç nə olmamış kimi fəaliyyətlərini davam etdirirlər?
Qida Təhlükəsizliyi Agentliyindən virtualaz.org-a bildirilib ki, əhalinin sağlamlığının qorunması, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. İnsan sağlamlığı üçün təhlükəli, istehlaka yararsız və mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların satışı vəı dövriyyəsinin qarşısı alınır: “AQTA əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 2019-cu ilin yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294 kq ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub. Agentlik bu istiqmətdə həyata keçirilən tədbirləri bundan sonra da davam etdirəcək və belə fəaliyyətlə məşğul olan şəxslərlə bağlı ən sərt tədbirlər görüləcək”. Həmçinin vətəndaşlardan xahiş olunur ki, ət və ət məhsulları alarkən mütləq satış müəssisələrindən ətin sağlamlığını təsdiq edən sənəd tələb etsinlər, eləcə də ətin təhlükəsizliyi ilə bağlı şübhələri yaranarsa və ya ölmüş, xəstə heyvanların satışı ilə bağlı məlumatları olarsa Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.