İki günlük sərt karantin rejimindən sonra bölgələrdən Bakıya gələnlər postlarda xüsusi yoxlanılırlar. Hazırda Ələt istiqamətində olan Reportyor.info-nun əməkdaşının verdiyi son məlumata görə, icazəsi və üzrlü səbəbi olmayanlar geri qaytarılırlar, paytaxta buraxılmırlar.
Müxbirimiz qeyd edir ki, postlarda yol polisi tərəfindən ciddi yoxlanış var və bu səbəbdən sıxlıq müşahidə edilir. Əməkdaşımız deyib ki, heç kəsə güzəşt olunmur, icazəsiz gələnlər geri qayıdırlar. Eyni zamanda torpaq yolla Bakıya giriş etmək istəyənlərin cəhdinin qarşısı alınır və geri qaytarılırlar.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, daha çox sıxlıq cənub istiqamətində, yəni Bakı-Ələt yolunun 65-ci km-də yerləşən karantin postundadır.
“Bu da həmin istiqamətdən gələn nəqliyyat vasitələrinin sayının çoxluğu ilə bağlıdır. Düzdür, orada da dənizkənarı torpaq yolla getməyə cəhd olunub. Müvafiq polis naryadları tərəfindən həmin cəhdin qarşısı alınıb. Bakı və Sumqayıt şəhərinə gələn insanların sayı çoxdur.
Konkret olaraq hər bir nəqliyyat vasitəsinin sürücüsü və sərnişini yoxlanılmadan buraxılmadığına görə sıxlıq yaranıb. Kifayət qədər sərnişinin də Bakı şəhərinə girişinə icazələri olmadığına görə onlar da geri qaytarılırlar. Nisbətən az sıxlıq şimal istiqamətində yerləşən postdadır. Belə ki, həmin ərazidə sıxlıq dərəcəsi kifayət qədər aşağıdır”, – deyə K.Əliyev bildirib.