Bakıda, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasının mitinqi başlayıb. Reportyor.info-nun məlumatına görə, aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.
Mitinqin aparıcısı bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyndir. Məlumata görə, mitinq başladıqdan bir qədər sonra ərazidə internetə giriş dayandırılıb. Aksiyanın əsas şüarı siyasi məhbuslara azadlıq tələbi olub.
Aksiyanı Müsavat Partiyasının, Real partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb. Real partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib, çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub. “Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, – mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli “Facebook”da yazıb.
Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və çıxış edib. Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.
Mitinqdə çıxış edən İlqar Məmmədovdəvətə görə, Milli Şura rəhbərliyinə təşəkkür edib və vurğulayıb ki, bu onun kütləvi mitinqdə ilk çıxışı olcaq. İlqar Məmmədov deyib ki, əgər Azərbaycanda əsl Cümhuriyyət olsaydı bu gün insanlar burda toplaşmazdı. Onun vurğulamasına görə, insanlar bundan da göəzl məkanlarda topalaşaraq Azəbaycandakı demokariya ilə fəxr edərdi : “Əgər Azərbaycanda əsl Cümhuriyyət olsa idi Milli Məclisdə Azərbaycanın tarixi problemləri, ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar.Azərbaycan son illərdə, giosiyasi rəqabətdə öz qonşularına uduzmağa başlayıb”.
İlqar Məmmədov Azərbaycan iqtisadiyyatının artıq geri getməkdə olduğunu bildirib.
Azərbaycan rəsmiləri isə deyirlər ki, indi başlıca hədəf iqtisadiyyatın şaxələndirilməsidir. Onların iddiasına görə, Azərbaycanda yenidən iqtisadi artım təmin edilib.
Mitinqdə çıxış edənlərdən biri Müsavat Partiyası Divanını üzvü Tofiq Yaqbulu olub. O, ölkədə mövcud olan problemlərə görə, Azərbaycan hakimiyyətini tənqid edib. Bildirib ki, insanların hüquqsuzluğu baxımından Azərbaycanı XX əsrin 80-ci illərindəki bəzi Afrika ölkələrinə bənzətmək olar.
Amma rəsmilər bu tənqidləri qəbul etmirlər. Onların deməsinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur.
Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də çıxış edib. O da hökuməti tənqid edib, ölkədə vəzifəli şəxslərin korrupsiyaya bulaşdığını bildirib.
Əli Kərimlinin vurğulamasına görə, insanlar meydana gəliblər ki, hökumətdən bir sıra məsələləri tələb etsinlər: “Gəliblər tələb etsinlər ki, siz kimsiniz şəhid ailələrini təhqir edirsiniz?… Siz kim olursunuz ki, uşağın, əsgərin, pensiyaçının, işsizin pulunu oğurlayıb Londondakı ofşorlara yerləşdirirsiniz?”
Azərbaycan rəsmiləri isə korrpsiya iddialarını qəbul etmirlər. Onların deməsinə görə, ölkədə korrupsiya halları ilə ciddi mübarizə aparılır.Üstəlik, rəsmilərin fikrincə, həm ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri, həm də əlillər dövlətin qayğısı altındadırlar.
Müsavat Partiyası başqanının müavini Saxafət Soltanlı isə deyib ki, bu aksiyanın bir nəçə məqsədi var. Onun vurğulamasına görə, əsas məqsədlərdən biri başda Mehman Hüseynov olmaqla bütün siyasi məhbuslarla həmrəylik nümayiş etdirməkdir.
Aksiyanın sonunda qətnamə də qəbul edilib.Qətnamədə bütün siyasi məhbuslara azadlıq təlb edilib. Eyni zamanda qətnamədə korrpsiya iddiaları ilə bağlı bir sıra məqamlar da yer alıb.
Daha sonra da bu aksiyanın təşkilatçılarından saxlanan şəxslərin buraxılması, cərimə edilənlərin isə cərimələrinin ləğvi tələb edilib.AXCP rəhbərliyinin bildirməsinə görə, bu aksiya ərəfəsində bütünlükdə 100-ə yaxın fəal saxlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi bu gün paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb. İdarədə bildiriblər ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.