Bakıda Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib. AzEuroNews.com xəbər verir ki, görüş Bakı 7 saylı Peşə Liseyində Xocalı faciəsinin 26-cı ildönümü günü baş tutub.
Xocalı faciəsinin ildönümü ilə bağlı peşə liseyinin direktoru Mahir Namazov və təlim-tərbiyə işləri üzrə müavin Ülviyyə Qarayeva tərəfindən təşkil olunan anım tədbirində üç oğlu ilə 1-ci Qarabağ savaşında iştirak edən, şəhid atas Hacı Əkbər Rüstəmovun iştirakı məktəblilər üçün sürpriz olub.
Azərbaycan torpaqları uğrunda vuruşmuş, Qarabağın düşməndən müdafiəsində oğlunu şəhid vermiş 71 yaşlı Hacı Əkbər Rüstəmov tədbir zalına toplaşan məktəblilərə döyüş xatirələrindən danışıb. Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım cinayətlərinin canlı şahidi kimi məktəblilərə məlumat verən Hacı Əkbər Rüstəmov vurğulayıb ki, 71 yaşı olmasına baxmayaraq o, ikinci Qarabağ savaşını səbirsizliklə gözləyir. Ə.Rüstəmov oğlu Sənan Rüstəmov da olmaqla torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın qisasının alınacağını bildirib.
Qarabağ qazisi çıxışının yekununda bildirib ki, məktəblilərlə döyüşçülərin belə görüşü tez-tez keçirilməlidir.
Tədbir Hacı Əkbər Rüstəmovun yazdığı kitab əsasında Xocalı soyqırımına aid səhnəciyin nümayişi ilə yekunlaşıb.
Məlumat üçün bildirək ki, Əkbər Rüstəmov müqəddəs Həcc ziyarətində olandan sonra dostları, yaxınları arasında həm də Hacı Əkbər kimi çağırılır. Ə. Rüstəmov1988-ci ildən Milli-Azadlıq Hərəkatına qoşulub.
AXC-nin yerli təşkilatının fəallarından olub. Daha sonra könüllü özünümüdafiə taboruna yazılıb. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib. Ə.Rüstəmovla yanaşı, oğlanları Sarvan, Sənan və Kənan da Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Dəfələrlə ölümlə üzə-üzə qalan Əkbər Rüstəmov oğlu Kənanla birlikdə Xocalı soyqırımı törədilən gecə yüzlərlə dinc sakinin erməni vəhşiliyindən qurtarılmasında iştirak edib.
1992-ci il may ayının 15-də Ağdamın Abdal-Gulablı kəndi uğrunda gedən döyüşlərdə oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov şəhid olub. Oğul itkisi Əkbər müəllimin döyüş ruhunu sarsıda bilməyib.
O, 1993-cü ilin mart ayının 1-də Ağdam Şəhər İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini təyin olunub. Ancaq 1993-cü ilin 22 iyulunda Bakıda olduğu vaxt Ağdam cəbhəsində yaranan vəziyyətlə əlaqədar oğlanları Sarvan və Kənanla yenidən orduya qayıdan Əkbər Rüstəmov hamını səfərbərliyə çağırıb və döyüş bölgəsinə yollanıb. Bundan sonra müxtəlif hissələrdə xidmət edən komandir 4 oktyabr 1995-ci ildə ordudan tərxis olunub.