Rəsmi qərarla Azərbaycanda saat 15:00-dan etibarən bütün kafe-restoranlar, çayxanalar, pub-lar, internet klublar bağlanıb. Ölkədə ilk dəfə belə vəziyyət yaşanır.
Musavat.com əməkdaşı Emil Salamoğlu paytaxtın bəzi ərazilərində apardığı müşahidələr zamanı kafe və çayxanaların qapılarının qıfıllandığının şahidi olub. Onun reportajını təqdim edirik:
Əslində, Nazirlər Kabineti yanında Operativ Qərargahın iaşə obyektlərinin iş rejimi ilə bağlı qərarı 15:00-a aid olsa da, əksər kafelər, çayxanalar günorta 13 -14 radələrində qapanmışdı.
Onsuz da səhər saatlarında kafe və restoranlara müştərilər az gəlir. Üstəlik, koronavirusla əlaqədar əhaliyə küçəyə vacib olmadığı halda çıxmamaq tövsiyə edildiyi üçün heç kəs evindən kafe-restoranlara getməyə ürək eləmir.
Odur ki, Bakının bir çox kafeləri ya heç qapılarını açmayıblar, ya da saat 12-13 arası bağlayıblar. Kəsəsi, Bakı getdikcə sükuta qərq olur.

Məsələn, şəhərin qaynar nöqtələri sayılan “20 Yanvar” metrosu ətrafı, Yeni Yasamal, “28 May” həndəvəri, Fəvvarələr meydanı, İçərişəhər və başqa ərazilərdə olan restoranlar, çayxanalar işlərini dayandırıblar.
Kafe, çayxana, internet klub işlədənlər isə indidən “qan ağlayır”. Onlar deyirlər ki, gəlir olmasa, nə arenda pulu verə biləcəklər, nə işçilərin maaşını…
Hətta bir çox kafelərin icarə haqları yarıbayarı azaldılıb, işçi sayı minimuma endirilib, bəziləri isə obyektləri sahiblərinə təhvil verib.
Onlar bu şəraitdə qazanc olmadığını əsas gətirərək ziyanla işləməkdənsə, çayxanaları, restoranları müvəqqəti dayandırmağı lazım bilirlər. Obyekt sahibləri ciddi şəkildə işsizlik və maliyyə sıxıntısı olacağını söyləyirlər.

Həmçinin, ayaqüstü yeməklər satılan (fast food) obyektlər, “Mcdonalds” restoranlar şəbəkəsi və şəhərin bütün məşhur yerləri qapanıb.
Dönərxanalar, qutab-peraşki satılan yerlər də demək olar ki, işini dayandırıb. Bununla bağlı sabahkı reportajımızda ətraflı məlumat verəcəyik.
Hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur.
İctimai iaşə müəssisələri saat 21:00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.
Məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır. Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.




















