Bakı sakini Zaur Cariyev 4 il əvvəl Bakı Nəqliyyat Agentliyinə mütəxəssis kimi işə qəbul olunub. Onun Reportyor.info-ya bildirdiyinə görə bu ilin iyul ayında feysbuk sosial şəbəkəsində elektron hökumət barədə yazılan bir statusa tənqidi rəy yazdığı üçün BNA sədrinin müşaviri Tural Mahmudov onu otağına çağıraraq barəsində tədbir görüləcəyini deyib. Və altı gündən sonra əmək müqaviləsinə xitam verilib.
Hazırda işsiz olan Zaur Cariyev tənqidi rəyinin əsaslı olduğunu bildirir. İşlədiyi müddətdə Bakı Nəqliyyat Agentliyində cinayət tərkibi olan nöqsanlarla rastlaşdığından bu qənaətə gəlib.
Zaur Cariyev bildirib ki, 2015-ci ildən fəaliyyət göstərən agentliyin ərazilərdə quraşdırılan avadanlıqların (məhəccər, tumba, panduslar) dəqiq sayı yoxdur. Bu avadanlıqlara nəzarət edən üç şöbə fərqli siyahılar verir. Nəzarət olunmadığı üçün ərazidəki bu avadanlıqlar qırılır, sökülür heç kimin xəbəri də olmur. Təsadüfi yoxlama zamanı say əskiyi gələndə Polis Bölmələrinə məlumat verilir ki, guya oğurlanıb.
Zaur Cariyevin toxunduğu digər bir məsələlər daha diqqətçəkəndir. Şikayətçi bildirir ki, narkoloji testdən müsbət çıxan əməkdaşlar rəhbərlik tərəfindən himayə olunur və işdə saxlanılır. O, tenderlərin də qeyri-şəffaf, böyük pozğuntularla aparıldığını bildirir. Şikayətçi işə qəbul zamanı rüŞvət hallarına yol verildiyi haqda da məlumatlı olduğunu deyərək, əlindəki faktları hüquq mühafizə orqanlarına verməyə hazır olduğunu bildirib.