Anadan olmasının 95 illiyini el bayramı kimi qeyd etdiyimiz xalqımzın ümummilli lideri Heydər Əliyev özündən sonra bizim üçün son dərəcə qiymətli bir irs qoymuşdur. Ulu öndərin dahiliyi onda idi ki, o, həyatın bütün sahələrinə bacarıqla, elmi uzaqgörənliklə nüfuz edir, xalqa hər zaman doğru yol göstərirdi. Təbiətə, ətraf mühitə münasibətdə də Heydər Əliyevin mövqeyi insanlıq üçün bir örnək idi: Ulu öndər təbiətə əl qaldıranlara, yaşıllığa qıyanlara qarşı son dərəcə sərt və barışmaz idi. “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm ki, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir… İnsan qurmalıdır, yaratmalıdır… Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız…”
Ulu öndərin bu aydın və çox dəyərli tövsiyələri bütün zamanlar üçün aktualdır. Ədalət naminə demək lazımdır ki, bütün Qarabağın mərkəzi sayılan Bərdənin abadlığı üçün son illərdə xeyli diqqətəlayiq işlər görülmüşdür. Yaraşıqlı binaların tikilməsi, asfalt yolların çəkilməsi ilə yanaşı, yeni parklar inşa edilmiş, yaşıllıqlar əhəmiyyətli dərəcədə artırılmışdır. Dövlətin qayğısından güc alan bərdəlilərin doğma yurdun hər qarışını cənnətə döndərmək istəyi birmənalı olaraq alqışa layiqdir.
Son zamanlar Bərdə şəhəri ərazisindəki yaşıllıqlara kütləvi basqı isə hər kəsdə təəccüb və təəssüf doğurur! Bir zaman həvəslə əkilən, qayğı ilə becərilib böyüdülən ağaclar bir gecənin içində baltalanır, göz oxşayan, əsəblərə sığal çəkən, insanlara təmiz hava bəxş edən yaşıllıqlar amansızlıqla məhv edilir. Yerində yağışdan sonra çıxan göbələk kimi çoxsaylı mağazalar sıralanır. Kimsə fərqli prizmadan baxıb bunu sahibkarlığın inkişafına yaradılan şərait, göstərilən qayğı kimi qiymətləndirə bilər. Əslində, “yaşıl terror”u edənlərin istəyi, məramı başqadır. Orada nə dövlət maraqları yer alır, nə məmur məsuliyyəti, nə də vətəndaş mövqeyi!
Bu günlərin söhbətidir. Şəhərin S.Vurğun küçəsindən keçərkən gördüyümüz mənzərə bizi dayanmağa məcbur etdi. Günorta vaxtı 4-5 nəfər gənc yol kənarlarında, Tərtər çayının sağ sahilində bir neçə sıra əkilmiş həmişəyaşıl ağacları dartıb kökündən çıxarırdı. Ürək ağrıdan bir mənzərə idi. Gördüklərimizi telefonla çəkib yaddaşa köçürdük. Sonra tapşırığın kim tərəfindən verildiyi ilə maraqlandıq. Bərdə Rayon İcra Hakimiyyətinin işçisi Elçin müəllimin adını çəkdilər. Elçin Qurbanov icra hakimiyyətinin memarlıq şöbəsində çalışır. Gənclərə gördükləri bu işin cinayət olduğunu xatırladıb ayrılırdıq ki, Elçin müəllim özünü çatdırdı. “Yaşıllığı niyə məhv edirsiniz?” sualına aldığımız cavab belə oldu: “Biz icraçılarıq, tapşırıq yerinə yetiririk”.
İxtiyar sahibləri başladıqları işi hazırda çox sürətlə davam etdirirlər. İndi həmin ərazidə ticarət obyektləri tikilir. Burada yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Amma təsəlli üçün şəkillər var.
Şəhərin Koroğlu küçəsində də eyni mənzərə göz dağlayır. Bir neçə il əvvəl rayonun idarə və müəssisələri, bütün əmək kollektivləri şəhərin abadlaşdırılması, yeni yaşıllıqlar salınması işinə səfərbər edilmişdi. Rayon gənclər və idman idarəsinin payına Koroğlu küçəsində dəmir yola paralel böyük bir ərazi düşmüşdü. Gənclər böyük əmək və xeyli vəsait sərf edərək həmin ərazini gözəl bir seyrəngaha, yaşıl bağçaya çevirmişdilər. İdarənin rəisi Anar Şahbazovun dedikləri:
– Bizə həvalə edilən ərazini doğma həyətimiz kimi sevirdik. Ora qiymətli ağaclar, çoxlu gül-çiçək, bəzək kolları əkmişdik. Ətraf evlərdə yaşayanlar axşamlar çıxıb orada dincəlirdilər. Hansısa bir sahibkarın yeni ticarət obyekti yaratmaq istəyi əlimizin zəhməti ilə, şəxsi vəsaitimiz hesabına yaratdığımız yaşıllığı məhv etdi. Etdiyimiz etirazlara məhəl qoyulmadı. İndi həmin ərazidə tikinti işləri aparılır.
Şəhərin Bakı küçəsində də oxşar mənzərələr diqqət çəkir. Maraqlıdır ki, son vaxtlar Bərdədə yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi kütləvi xarakter almışdır. Getdikcə sürətlənən bu prosesi dayandırmaq üçün əlaqədar təşkilatlar nədənsə hərəkətə keçib zəruri tədbirlər görmürlər. Ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunmasına nəzarət etməli olan dövlət qurumunun, 12 saylı ekologiya və təbii sərvətlər şöbəsinin seyrçi mövqeyi, fəaliyyətsizliyi təəssüf doğurur. Şöbənin rəisi Mübariz Hacıyevə ünvanlanan çoxsaylı suallarımız isə nədənsə cavabsız qalır.
Ulu öndərin tövsiyələrini fəaliyyət proqramı kimi qəbul edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Bakı ətrafında, bölgələrdə ağacəkmə kampaniyaları keçirilir. Əhalinin mütəşəkkil iştirakı ilə yeni bağlar salınır. Yaşıllıqlar yaradılır. Elə bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bərdənin Uğurbəyli kəndində 2 hektarlıq bağ salınmışdır. Bütün bunlar xalq tərəfindən bəyənilir və alqışlanır. Paradoksal mənzərədir, bir tərəfdə el-oba minbir həvəslə ağac əkib, bağ salır. Digər tərəfdə isə böyük vəsait və zəhmət hesabına salınmış yaşıllıqlar məhv edilir. Bu gün Bərdədəki real mənzərə hər kəsi narahat edir. Rayon ictimaiyyəti baş verənlərdən ciddi şəkildə narahatdır. Axı, əkilib-becərilən, göz oxşayan ağaclar hansı zərurətdən kəsilir? Qoy bu suallarla əlaqədar qurumlar cavab versinlər.
Yazıya xalqımızın ümummilli lideri Heydər Əliyevdən gətirdiyimiz sitatla başladıq. Sonda isə Heydər Əliyev siyasi kursuna hər zaman sədaqətli olan və onu müvəffəqiyyətlə davam etdirən respublika Prezidenti İlham Əliyevin yaşıllıqların qorunması ilə bağlı mövqeyini xatırlatmağı məqsədəuyğun hesab edirik: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya da kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Neçə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir.”
Lazım QULİYEV,
“Azərbaycan”