Vladimir Putin hakimiyyətinin iyirminci ili başlayır və elə bu məqamda ona etibarı ilə tanınan Rusiya parlamentinin spikeri prezident müddətini dəyişmək üçün konstitusiyaya yenidən baxılmasının mümkün olduğuna eyham vurub.
Görünür ki, Putin sonsuza qədər hakimiyyətdə qalmaq istəyir. İlk baxışda, nəyə görə də yox? Rusiya Yaxın Şərq münaqişəsində və həmçinin də buzları əriməyə doğru gedən Arktikanın dəniz yollarında gözlənilən qarşıdurmada mühüm oyunçu olub. O, Amerika və Avropanı cılovlaya bilib. Neftin qiyməti yüksəkdir və prezidentin iddiasına görə, 2011-ci ildən bu yana ilk dəfə Rusiya büdcəsində profisit olacaq.
Bütün bunlar və digər məsələlər barəsində Putin ilin axırında keçirilən özünün ənənəvi mətbuat konfransı zamanı danışıb. Lakin Rusiya prezidenti gələn il baş verməsi qaçılmaz olan və hakimiyyət üçün təlatümlər yaradacaq dərin sosial böhrandan diqqəti yayındırır. Çox böyük ehtimalla 2019-cu ildə Putin stuktur islahatları və siyasi dəyişikliklər həyata keçirməli olacaq. Bu o deməkdir ki, Putin Avropaya qayıtmaq üçün yollar axtarmalıdır. Bunun üçün o, Ukrayna ilə barışmaq məcburiyyətində qalacaq.
Putinin döyüş gəmiləri Ukrayna gəmilərinə hücum çəkir. Onun casusları Britaniya vətəndaşlarını zəhərləyərək bütün dünyaya göstərir ki, baxın, Rusiya Qərb demokratiyasının hüdudlarına necə dərin müdaxilə edir. O, qana susamış Bəşər Əsəd rejimini dəstəkləyərək demək istəyr ki, Rusiya Yaxın Şərqdə öz mövqeyini ABŞ-la müqayisədə daha çox saxlayacaq. Putin iki strateji bombardmançı təyyarəsini dağılmaqda olan Venesuelaya göndərməklə təsdiq etmək istəyir k, Rusiya ipə-sapa yatmayan diktator Maduro ilə kefi istədiyi kimi rəftar edə bilir. Xaricdə bu cür avantüra siyasəti yürütməklə Putin 20 il ərzində Rusiyanın milli qürurunu dirçəldir.
O ki qaldı ölkə daxilindəki vəziyyətə, Rusiyanın iqtisadi böyüməsi hədsiz dayanıqsız və çox zəifdir. 2018-ci ildə iqtisadi böyümə tempi 1,8% təşkil edib, gələn ilin böyümə proqnozu isə iki faiz olacaq. Beş ildir ki, sürən Qərb sanksiyaları iqtisadiyyatı taqətdən salır. Artıq sərmayə vasitələrinin çatışmamasını və maliyyə islahatlarının həyata keçirilə bilməməsini gizlətmək mümkün deyil.
Əgər neft və qaz hasilatını, metal istehsalını hesaba almasaq, onda Rusiyanı dünya miqyaslı iqtisadi oyunçu adlandırmaq yersizdir. Təqaüd sistemində islahat aparmaq cəhdi əhali içərisində qəzəbə səbəb olub. Qadınlar artıq 55 yaşında təqaüdə çıxa bilməyəcəklər, onlar 63 yaşına kimi işləməlidirlər. Kişilər isə yalnız 65 yaşında təqaüdə çıxa bilərlər. Kişilərin orta yaş hədi 67 il olan və zəif səhiyyə sistemli bir ölkədə bu cür təqaüd islahatı aparmaq qeyri-populyar addımdır.
Putinin yüksək reytinqi daha çox əhalinin minnətdarlığı ilə izah edilir. Çünki Sovet İttifaqının dağılmasından sonra Boris Yeltsinin yarıtmaz idarəetmə üsulu nəticəsində ölkəni didib parçalayan quldur-baronların mövqeyi güclənmişdi.
İndi bu minnətdarlıq tükənməyə başlayıb. Təxminən 55% rusiyalı hesab edir ki, həyat şəraitinin bahalaşmasında günahkar Putindir. Ölkə əhalisinin 30 faizi deyir ki, onlar nümayişlərə qoşulmağa hazırdılar.
Prezident postunu 2008-2012-ci illərdə nominal olaraq tutmuş və sonra isə az əhəmiyyət daşıyan baş nazir vəzifəsinə qayıtmış Medvedyevi saymasaq, gənc nəsil Putindən başqa lider tanımır. Gənclər hesab edir ki, təriflənən sabitlik, korrupsiya sözünü əvəz edən xoşagəlimli bir ifadədir və Rusiya cəmiyyəti durğunluq girdabına sürüklənib.
Yəqin ki, Putin rejiminin Rusiyanı Avropa köklərinə qaytaracağına ümid bəsləmək sadəlövhlük olardı. Amma əgər bu ölkə öz iqtisadiyyatını modernləşdirmək niyyətindədirsə, onda o, Qərb ideyalarına və Qərb maliyyəsinə açılmaq istiqamətində addımlar atmaq məcburiyyətindədir.
Kreml sanksiyalara cavab kimi xarici siyasətini gücləndirməyə səy göstərib və xüsusi xidmət orqanlarının enerjisini Qərb alyansını parçalamağa sərf edib.
Uzunmüddətli perspektivdə bu manevrlər Rusiyanın nüfuzunu və hakimiyyətini, həmçinin də Putinin ölkə daxilindəki populyarlığını gücləndirməyəcək, əksinə zəiflədəcək. Həmin uzunmüddətli perspektivdə üzə çıxacaq əlamətlər artıq indidən təzahür etməyə başlayıb.
(“The Times”-Böyük Britaniya)