Sumqayıtda azyaşlı qızını baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.
Reportyor.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.
O bildirib ki, Sumqayit Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ülviyyə Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri – 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.