Azercell “İnfocell” adlı bir xidmətlə abonentlərin xəbəri olmadan balansını boşaldır.
Məzənnə, hava durumu, qoroskop və abonentə maraqsız olan xidmətlərin qarşılığında gündəlik 10-15 qəpik balansdan pul çıxılır. Çıxılan məbləğə görə, mesaj bölməsinə xəbərdarlıq da göndərilmir, yalnızca ekrana anlıq bildiriş gəlir və dərhal da silinir. Bir növ iz itirilir.
Reportyor.info bildirir ki, bu bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial şəbəkə hesabında qeyd edib.
Onun sözlərinə görə, İnfocell-ə qoşulma abonentin zəng və ya mesaj göndərməsi ilə deyil, ekrana göndərilən anlıq bildirişə təsadüfən toxunma nəticəsində, abonentin istəyindən kənar baş tutur. Əsasən yaşlı, texniki yenilikdən anlayışı olmayan, balansını nəzarətdə saxlamayan abonentlər qurban seçilir.
“Anamın istifadə etdiyi nömrəni 2024-cü il fevral ayının 16-da həmin xidmətə qoşublar. İki dəfə xəbər tutub zəng edib xidməti dayandırmalarını tələb etsəm də, 2025-ci il iyulun sonunadək balansından 30 manata kimi vəsaiti Azərcell İnfocellin vasitəsilə oğurlamışdı.
Zəng edib dərslərini verdim, balansdan oğurlanan vəsaitin geri qaytarılmasını tələb etdim. Əvvəlcə anamın özünün qoşulduğunu desələr də, sübut etdim ki, nə zənglə, nə də mesaj göndərməklə qoşulma olmayıb. Məlum oldu ki, anamın istifadəsində olan nömrəni ekrana ani bildiriş göndərməklə xidmətə qoşublar. Həm Azərcell rəsmilərinə, həm də İnfocell rəsmilərinə anamdan üzr istətdirdim, balansdan oğurlanan vəsaiti də geri aldım. Bir daha eyni əmələ görə səbrlə davranmayacağımı, gedib ofislərini başlarına yıxacağımı xəbərdarlıq kimi bildirmişəm!
Balansınızı davamlı nəzarətdə saxlayın, valideynlərinizin, yaşlı ailə üzvlərinizin istifadəsində olan nömrələri tez-tez yoxlayın. Azercell rəzilliyə və oğurluğa davam edir.
Azercellin etdiyi bu əməl vətəndaşların bank kartlarından edilən oğurluqla eynidir.”