Fəaliyyətini dayandırmış “Azadlıq” qəzetinin “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində yerləşən ofisindən oğurluq edilib. Bu haqda Turan-a qəzetin redaktoru Rövşən Hacıbəyli bildirib.
R.Hacıbəylinin sözlərinə görə, qapını sındırıb içəri daxil olublar. “Azərbaycan saatı” proqramının redaksiya ofisindəki kamerasını oğurlayıblar. Bundan başqa qəzetin nüsxələrini də aparıblar. “Redaksiyada “Azərbaycan saatı” proqramının çəkilişləri aparılır. Həmin otaqdan 8-ci mərtəbədəki akt zalına qapı var. Akt zalında xeyli vaxtdır ki, təmir işləri aparılır. Elə həmin qapını sındırıb içəri giriblər. “Azərbaycan saatı”nın kamerasını götürüblər, masaların siyirmələrini də axtarıblar. Qəzetin 2005, 2006, 2007, 2008-ci illərdə çıxan saylarını da oğurlayıblar”, – redaktor bildirib.
R.Hacıbəyli oğurluqla bağlı nəşriyyatın məsul işçilərinə və təmiri aparan briqadanın rəhbərliyinə məlumat verilib.
“Biz nəşriyyat işçilərindən şübhələnirik. Çünki qəzet fəhlənin nəyinə lazımdır, amma nəşriyyat işçiləri köhnə qəzetləri maklatura adıyla satırlar”, – R.Hacıbəyli deyib.
“Azərbaycan” nəşriyyatından oğurluq faktı ilə bağlı danışmaq istəməyiblər.
“Azadlıq” qəzetinin çapı 2016-cı ildən dayanıb.
Qəzetin saytı isə 2017-ci ildən məhkəmə qərarı ilə blok edilib. Buna səbəb kimi saytda dövlət əleyhinə bəzi yazıların dərc edilməsi göstərilib, qəzet rəhbərliyi və vəkilləri bununla razılaşmırlar.