“Tiktok” platformasında pişiklə təmasda olması səbəbindən dəri göbələyinə yoluxan uşağın görüntüsü paylaşılıb. Videonun şərh bölməsində insanlar pişikdən xəstəlik keçmədiyini, yalnış diaqnoz olduğunu bildiriblər. Ev, küçə heyvanlarından xəstəlik keçə bilməsi mövzusu cəmiyyətdə hər zaman fikir ayrılığı yaradır. Həkimlər isə heyvanlardan uşaqlara çoxsaylı müxtəlif xəstəlik keçdiyini bildirir.
Problemlə bağlı Uzm. Dr. Zakir Quliyev Demokrat.az-a bildirib ki, küçə heyvanlarından, xüsusilə pişiklərdən azyaşlı uşaqlara bir sıra zoonoz xəstəliklər keçə bilər:
“Toksoplazmoz pişik nəcisindən və çirkli əllərdən keçən parazit infeksiyasıdır. Dəri göbələkləri və saçqıran dairəvi qaşınan ləkələrlə özünü göstərir. Toxokara kimi qurd infeksiyaları çirkli torpaq və əllər vasitəsilə keçə bilər, qarın ağrısı və allergik əlamətlər yarada bilər. Pişik cızması xəstəliyi cızıq və ya dişləmə ilə ötürülür, limfa düyünlərinin böyüməsinə və bəzən qızdırmaya səbəb olur”.
Həkim deyib ki, Salmonella kimi bağırsaq bakteriyaları isə ishal və qusma yarada bilər.
“Bu risklər əsasən uşaqlar heyvana toxunduqdan sonra əllərini yumadıqda və ya cırmaq izi, dişləmə olduqda artır. Ona görə də əsas qorunma yolu təmasdan sonra əllərin sabunla yuyulması, üzə və ağıza əl aparmamaq və hər hansı cızıq olduqda dərhal yaraya qulluq etməkdir”.




















