“2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb. Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil. Yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olan, lakin yoluxdurucu gücü sürətlə artan virusdur. Bu şəraitdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır”.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Məlumata görə, hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri, vaksinin effektiv və təhlükəsiz olmasıdır. Vaksin virusa qarşı ən azı 50% qoruyuculuq qabiliyyətində malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır: “Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən, vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.