5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib.
“Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbuledilməzdir. Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik”, – açıqlamada qeyd olunub.
Kreml Rusiyanın Əfqanıstandakı səfirliyinin yanında törədilən partlayışı terror aktı adlandırıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, ölkəsinin Kabildəki səfirliyin yaxınlığında törədilən terror aktını qətiyyətlə pislədiyini söyləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Federasiyasının Kabildəki səfirliyinin yaxınlığında kamikadze tərəfindən partlayış törədilib. Nəticədə səfirliyinin iki əməkdaşı həlak olub.