“Ermənistandan Qarabağa göndərilən 400 ton yük daşıyan TIR-larla bağlı iki gündür ciddi müzakirələr gedir. Azərbaycan dövləti Qarabağdakı mülki ermənilərə bu yüklərin Bərdə-Ağdam yolu vasitəsi ilə göndərilməsini təklif edib. Bu təklif sonuncu Brüssel görüşündə Azərbaycan tərəfindən bəyan olunub. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşdən sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın bu təklifini səsləndirmişdi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini, YAP Nəsimi rayonu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazi üzrə ilk partiya təşkilatının sədri Əvəz Qocayev deyib.
Onun sözlərinə görə, bundan sonra Ermənistanın “TIR şousu” yaradıb, beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışır:
“Ermənilərin bu cəhdi Azərbaycan dövləti və cəmiyyəti tərəfindən şiddətlə qınanır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən müxtəlif platformalarda bildirib ki, Qarabağda yaşayan mülkü əhali Azərbaycan dövlətinə sığına bilər. Cənab Prezident Azərbaycan vətəndaşı olan ermənilərin bütün problemlərini həll etməyə hazır olduğumuzu hər fürsətdə deyir. Hətta o, may ayında Laçında səfərdə olarkən bildirmişdi ki, separatçılarla bağlı amnistiya verə bilər. Bir şərtlə ki, onlar silahları təhvil verib, Azərbaycan qanunlarına tabe olacaqlar. Cənab Prezident bu sözləri separatçıların gələcək taleyi ilə bağlı onun fikirlərini öyrənən beynəlxalq təşkilatlara cavab olaraq söyləmişdi. Üstəlik, Xankəndi və digər ermənilər yaşayan məntəqələrə humanitar yüklərin daşınmasını da rəsmi Bakı öz üzərinə götürür. Hətta Ermənistandan göndərilən yüklərin də ünvana çatmasına şərait yaratdığını bildirir. Amma öz təklif etdiyi marşrutla. Azərbaycan tərəfinin bu qədər açıq, konkret, humanist mövqeyindən sonra Ermənistanın və havadarlarının siyasi teatr yaratmaları acı gülüş doğurur”.
Ə.Qocayev deyib ki, Avropa İttifaqının Ermənistandakı mülkü müşahidə missiyası da sərhəddə gərginliyin artmasına, iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olan addımlar atır:
“O “missiya” sülhə yox, eskalasiyaya xidmət edir. Azərbaycanı təxribata çəkməyə çalışır. Sanki ermənilərin, əsasən də separatçıların vəkilləridir. Onlar prosesin daha rahat şəkildə getməsi üçün sağlam mövqe tutmalıdırlar. Demək, bunda maraqlı deyillər. Onlara sülh yox, qarşıdurma lazımdır. Azərbaycan dövlətinin tələbi beynəlxalq hüquq normaları çərçivəsindədir. Xankəndi, Xocalı Azərbaycanın qanuni suveren əraziləridir. Bu ərazilərlə bağlı qərarı Azərbaycan dövləti verir. Buna kiminsə qarışmağa, müdaxilə etməyə haqqı yoxdur”.
Əvəz Qocayevin sözlərinə görə, bütün təxribat və təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev dövlətinin və xalqının mənafeyini sona kimi müdafiə edəcək:
“İnanıram ki, heç bir qüvvə bizi haqq yolumuzdan çəkindirə bilməyəcək. Azərbaycanın güclü lideri, müzəffər ordusu, qəhrəman xalqı var”.