“Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri, jurnalist Aynur Camalqızı yazıb ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurla qürur duyduğunu açıqlayıb.
Reportyor.info xəbər verir ki, “Teleqraf” Media Qrupunun rəhbəri feysbukda fikirlərini bölüşüb:
“Ona görə yox ki, radikal müxalifətin təmsilçisi olan Fuad Qəhrəmanlının qızıdır, atasının siyasi reputasiyasını yerlə-bir etdi, əsl simasını ortaya çıxartdı. Yox.
Ona görə ki, artıq ölkəmdə zərərli və təhlükəli mental zəncirləri dağıtmaq gücündə olan bir nəsil yetişir: təhsilli, özgür, öz hüquqlarını bilən, özünü ifadə edən yüksək dünyagörüşlü qızlarımız var.
Və onlar hətta atalarının belə şiddətinə, ədalətsizliyinə, “çöldə demokrat, evdə diktator” simasızlığına baş əyməyəcək qədər güclüdürlər”.
A.Camalqızı hesab edir ki, Selcan nümunəsi hər kəsə görk olmalıdır: “Nəhayət, anlamaq lazım ki, qadınla kişi bərabər hüquqludur. Dünyanın heç bir yerində “kişidir dəə…” deyib kişilərin əxlaqsızlığına göz yumulmur, əxlaq hesabı yalnız qadından tələb olunmur.
Çox təəssüf ki, qaragüruhcu söyüşcüllərin ağızlarından Azərbaycan dilindəki söyüş və təhqiri ifadə edən bütün iyrəncliklər tökülür. O ağızlar Əli Kərimlinin mənəviyyatıdır. O qafasızlar anlamır ki, yapon dilini bilən, Avropada təhsil alan gənc Əli Kərimliyə sitayiş edə bilməz”.