Son illərdə ölkədə çəkilən bədii filmlər hardadır?
Azərbaycan kinosu dedikdə ilk ağıla gələn sovet dövründə çəkilmiş “Ögey ana”, “Arxadan vurulan zərbə”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” və digər bu kimi film nümunələridir. Müstəqillik qazandıqdan sonra çəkilən filmlərimizdən isə “Fəryad”, “Bəxt üzüyü”, “Otel otağı” və digərləri yadda qalan olub. Bəs sonra çəkilənlər?
Hər il “Azərbaycanfilm”də azı 2-3 bədii film çəkilir. Hər film üçün isə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Lakin tamaşaçılar nədənsə həmin filmləri televiziya ekranlarında, kinoteatrlarda görə bilmir. Belə anlaşılır ki, yeni çəkilən bədii filmlər sanki geniş kütlə üçün deyil, ya kino arxivi, ya da beynəlxalq festivallar üçündür.
Yeni çəkilən bədii filmlərimiz hardadır, niyə tamaşaçı həmin filmlərlə tanış ola bilmir?
Bu sualla bir neçə tanınmış rejissora müraciət etdik.
Xalq artisti Oqtay Mirqasımov sualımıza çox qısa cavab verdi: “İqtisadi məsələlərdə mən çox zəifəm. Ona görə istərdim ki, bu sualı mənə deyil, sosioloqa müraciət edəsiz”. Qeyd edək ki, xalq artisti Oqtay Mirqasımov son 15 ildə “Ovsunçu” (2002), “Arzularını çəkən rəssam” (2007), “Qaşqayın son proqnozu” (2007), “Günaydın, mələyim” (2008), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014) adlı filmlərin rejissoru olub. Bu filmlər arasında tamaşaçıya daha çox “Ovsunçu” filminin adı tanışdır. Çünki film müəyyən zamanlarda televiziya ekranlarında nümayiş olunur.
Son illərdə “Əlavə təsir” (2010), “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015) filmlərinin rejissoru olan, əməkdar incəsənət xadimi Elxan Cəfərov isə mövzuya bu cür şərh bildirdi: “Deməzdim ki, yeni çəkilən filmlər nümayiş olunmur. Məsələn, çəkdiyim son iki film Qarabağ problemlərindən bəhs olunduğu üçün müəyyən təqvimlərdə, o cümlədən işğal günləri, 20 Yanvarda, Xocali faciəsi günündə televiziya ekranlarında nümayiş olunur. Amma ümumilikdə bəli, çox istərdik ki, dövlət studiyasında çəkilən filmlər bütün televiziya ekranlarında nümayiş olunsun, təbliğatı aparılsın. Çünki kommersiya tipli filmlərin təbliğatına ehtiyac yoxdur. Dövlət filmləri kommersiya tipli olmadığı üçün bu filmlər haqqında daha dərindən düşünməyə dəyər.
Kinoteatrlarda nümayiş olunan 5 filmdən 3-ü kommersiya filmləridir. Bu filmlərə baxanlar da ən çox gənclərdir. Gənclər daha çox əyləncə axtarır, ona görə də ciddi filmlərə baxmağa getmir. Yəni ciddi filmlərin kommersiya və əyləncəli tərəfi o qədər də güclü deyil. Amma düşünürük ki, ciddi filmlərə kinoteatrlarda baxmaq istəməyən gənclər ona televiziya ekranlarından baxar. Bu problemin günahkarı kimdir, onu deyə bilmərəm. Sadəcə, qeyd edə bilərəm ki, bu problemlər vaxtaşırı inkişaf üçün yaranmış problemlərdir və öz həllini mütləq tapmalıdır”.
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev isə filmlərin televiziya ekranlarında nümayiş olunmasının əleyhinə olduğunu bildirdi: “Ümumiyyətlə, yeni çəkilən filmlər televiziya ekranlarında deyil, kinoteatrlarda nümayiş olunmalıdır. Şəxsən mən istəmirəm ki, filmlərimi Azərbaycan telekanalları göstərsin. Adamlar pul verib, bilet alıb kinoya getməlidir. Hətta köhnə kinolarımız üçün də ayrıca kinoteatr olmalıdır, həmin filmlər orada göstərilməlidir və sairə. Ümumiyyətlə, fikrimcə, filmlər televiziya üçün deyil. Çünki artıq internet resursları, komyüterlər, notbuklar var. Məsələn, mən bəzən aylarla televiziyadan istifadə etmirəm. İstədiyin məlumatı internet vasitəsilə almaq olur. Heç xəbərim yoxdur ki, mənim filmlərim televiziya ekranlarında gedir, ya yox… ”
Xatırladaq ki, resjissor Ayaz Salayevin çox çəkdiyi filmlər “Koma 0,1 saniyədə” (2007), “Ağ-qara gecələr” (2013), “Sübhdən başlanan həyat” (2015), “Qarabağın həsrət salnaməsi”dir (2016). Rejissorun yalnız son illərdə çəkdiyi filmlər arasında yalnız “Yarasa” (1995) filmi tamaşaçılara tanışdır. Film ekranlarda 1-2 dəfə nümayiş olunub, daha sonra ekranlardan yığışdırılıb. Buna səbəb kimi isə filmdəki açıq-saçıq səhnələr göstərilib.
Xalidə GƏRAY,
“Yeni Müsavat”