Avropada azərbaycanlılara hücum və vəhşilik edən ermənilərdən birinin köynəyinin arxasında “ASALA” yazılması bir çoxlarını düşünməyə vadar edib – bu terror təşkilatı xortlayırmı?
Telejurnalist, konspiroloq Həmid Herisçi “Yeni Müsavat”a bildirdi ki, bu yaxınlarda hamımız Azərbaycan və Ermənistan prezidentlərinin tarixdə ilk dəfə üzbəüz döyüşünü, yəni qarşılıqlı dialoqunu, qarşıdurmasını gördük.
Onun sözlərinə görə, Azərbaycan prezidenti, öz erməni həmkarının Ramil Səfərov barədə dediklərini anında cavablandırdı:
“Nikol Paşinyanla terrorçu ”ASALA” cinayətkarları arasındakı incə əlaqəyə diqqət çəkdi. Təxminən bunları vurğuladı: “Ramil Səfərov barədə danışmağa haqqınız yoxdur. Bu, sadəcə sizin təxribatlara güzgü effektli cavabımızdır. Məşhur, əli qanlı, 8 nəfər zavallı insanın, o cümlədən Fransa vətəndaşının qatili ”ASALA” terrorçusu Varujan Karapetyanı 2001-ci ildə məhz Ermənistan dövləti rəsmi qərarla azadlığa buraxıb. Mənzil, işlə təmin edib. Biz yox, siz terrorçulara həmişə qucaq açıbsınız. İttihamlarınız yersizdir”.
Diplomatiya tariximizin qızıl səhifələrinə düşmüş bu epizodda Prezident İlham Əliyev incə şəkildə “Fransa, ASALA, Varujan Karapetyan, Nikol Paşinyan” fiqurlarını bir şahmat taxtası üzərinə yığıb. Diqqəti çox vacib mövzuya – “ASALA” terrorçularına yönəldib. Niyə? “Niyəsi” aydındır”.
H.Herisçi hesab edir ki, Köçəryan-Sərkisyan tandemi ilə qarşıdurmada Paşinyan məhz köhnə və müasir “ASALA”-ya arxalanır: “Terrorçular həmişə vaxtaşırı rebrendinq edərək adlarını dəyişirlər. ”ASALA” indi “Sasna tser”, yəni “Sasun qaplanları” adlanır. Qarabağ klanı ilə əlaqələri mürəkkəbdir. Səbəb?- arxadan açılan güllə!
Yəni 1993-94-cü illərdə “ASALA” Qarabağı işğal edərək onu nəlbəki üstə Robertə, Serjə hədiyyə etsə də, əvəzində arxadan zərbə qazanıb.
Məşum gecələrin birində Köçəryan-Sərkisyan bu “ASALA”çıları ucdantutma güllələyib. Qarabağda axırlarına çıxıblar.
İki-üç il əvvəl tanınmış “Exo Moskvı” radiosu öz qısa dalğalarında Serj Sərkisyana aid xüsusi müzakirə keçirib.
Verilişin müəllifi Aleksandr Venediktovu xahiş edirəm cibinizə qoymayın – o, heç vaxt sadə mövzuları gündəmə gətirmir.
Nəyi, hansı nadir faktı efirdə səsləndirirsə, ayıq olun, demək burda mütləq “torbada pişik var”.
Dəqiq desək, torbada pişik yox…məxfi informasiya var. Veriliş əsnasında həmin bax bu Aleksandr Venediktov qəfil dillənib, nə dillənib…
Dinləyici “Levon”un (Levon Ter-Petrosyan!) adından sensasion bir faktı geniş ictimaiyyətin diqqətinə çatdırıb.
Deyib ki, məşhur beynəlxalq terrorçu Monte Melkonyan, habelə onlarla digər adı bədnam “ASALA” yaraqlısını Qarabağda arxadan atılan atəşlə məhz Serj Sərkisyan qətlə yetirdib”.
Yazçının fikrincə, indi “ASALA” rebrendinq edib, “Sasna tser” (“Sasun qaplanları”) adını qazanıb: “Bu da izləri itirməyin bir başqa yoludur.
“Sasna tser”, yəni “ASALA” indi o qətliamı törədənlərin qanına susayıb – Serjdən, Robertdən intiqam almağa hazırlaşır. Paşinyan bu intiqam dəstəsindən, yəni “Sasna tser”dən öz məqsədləri üçün istifadə edir.
Nikol üçün Qarabağı 1992-ci ildəki kimi yenə də “ASALA”, yəni “Sasna tser” fəth etməlidir. İlk addım atılıb. Şuşa artıq Köçəryanın, Serjin deyil, Paşinyanın, “Sasna tser”in nəzarətindədir”.
H.Herisçinin sözlərinə görə, Prezident İlham Əliyevin son “şahmat konfiqurasiyaları”nda, yuxarıda vurğuladıqlarımız məqamların hamısına dair mesajları da görmək mümkündür: “O demək istəyirdi ki, ”ASALA” ilə əlaqələrin bizə bəllidir. Şuşaya ikinci dəfə soxulmağınız da bizə bəllidir. Zərbəmiz həmişəki kimi güzgü effektli, sarsıdıcı olacaq.
Beləliklə, gəlin “ASALA” mövzusuna felin keçmiş halında baxmayaq. “ASALA” indi Nikolun səyi ilə yenidən dirçəlir, silahlanır.
Həmişəki kimi yenə də Fransanın “Frankafoniya” modeli əsasında bölgəyə soxulur”.
Müsahibimiz qeyd etdi ki, prezidentin nişan verdiyi “ASALA” terrorçusu Varujan Karapetyan Suriyanın Qamışlı şəhərində doğulub.
“Bu şəhərdə indi də ”ASALA”-nın dayaq nöqtəsi var. Orada o qondarma “Rodjava” adlı kürd kvazidövləti qurur. Ötən ilki “Barış pinarı” əməliyyatı zamanı Ərdoğan bu quldur yuvasını, bu bayağı Çənlibeli məhv etsə də, son anda Rusiya bax, bu Qamışlını xilas etdi. Özü də gör kimin? – Nikol Paşinyanın təkidi və xahişi əsasında!
Yəni, “ASALA”-nın xahişi əsasında. Putin bu “ASALA” bazasını nəzarətə almaqla elə Ermənistanda da Paşinyanla yeni sövdələşməyə başladı. Girov götürdüyü Qamışlı bazası vasitəsi ilə həm “ASALA”-nı nəzarətə aldı, həm də Paşinyanı…
Gördüyümüz kimi, şahmat davam edir. Ancaq bu oyunda bizim sözsüz ki, İlham Əliyev kimi bacarıqlı qrosmeysterimiz var. Oyun bizə bəllidir”.