Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Ağstafa və Qazaxda başlatdığı xeyriyyə kampaniyasına qoşulanların sayı getdikcə artır.
Sosial aksiyada öz fəallığı ilə iştirak edən “Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü ilə Ağstafa rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan daha 103 ailəyə yardım olunmuş və bu sahədə işlər davam etdirilir. Könüllü gənclərin və rayonun bir sıra ictimai fəallarının iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar siyahı üzrə sakinlərin yaşadıqları ünvanlara çatdırılıbdır. Sosial yardımı qəbul edən vətəndaşlar başda ölkə rəhbərliyi olmaqla, bu həssas dövrdə dövlətimizə və xalqımıza dəstək olmaq üçün vətəndaş həmrəyliyi nümayiş etdirən hər bir kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.
“Qazax” Xeyriyyə İctimai Birliyi növbəti günlərdə də Ağstafa rayonunda aksiyaya dəstəyini davam etdircəkdir.
Qeyd edək ki, bu təşəbbüslərin əsas məqsədi pandemiyadan qorunmaq məqsədilə evdən çıxmaları qadağan edilən yaşlı insanların gündəlik ərzaq malları üçün evdən çıxmaq ehtiyacını aradan qaldırmaq, onların rifahını təmin etmək və hazırki dönəmdə #evdəqal çağırışına dəstək göstərməkdir.