Bu gün Ağdam rayonunun işğalından 25 il ötür. Bu faciəvi tarixi qeyd edən ağdamlılar bu gün Şəhidlər Xiyabanında olub, Ağdam şəhərinin və kəndlərinin düşmən hücumundan qorunmasında şücaət göstərən və şəhid olan döyüşçülərin məzarlarını ziyarət ediblər.
Ziyarət yürüşündə tanınmış ağdamlılar, jurnalistlər, keçmiş döyüşçülər də iştirak ediblər.
Qeyd edək ki, ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənayesi, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçib. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olub, minlərlə insan yaralanıb, əlil olub. Ağdamlılar ölkənin 59 rayonundakı 875 yaşayış məntəqəsində məskunlaşıb. Minlərlə ağdamlı ölkənin tərk etməli olub.
Musavat.com