Hüquq mühafizə orqanlarının Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat axtarış tədbirləri həyata keçirməsi və müavinlərin həbs olunması barədə bir neçə mənbədə yayılan məlumatlar doğru deyil.
Bu barədə Reportyor.info-ya İcra Hakimiyyətindən bildirilib. Hazırda ərazidə olan əməkdaşımız xəbər verir ki, inzibati binada heç bir əməliyyat keçirilməyib, o cümlədən müavinlər də iş başındadır.
Qeyd edək ki, yayılan məlumatlara səhər saatlarında Baş Prokurorluğun Mətbuat Xidməti də aydınlıq gətirib. Açıqlamada bildirilir:
“Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur:
Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.