Azərbaycan Demokrat Partiyası (ADP) son günlər vüsət alan Abel Məhərrəmovun günahsız olduğu barədə rəy yaratmaq cəhdlərini pisləyib.
Reportyor.info nun məlumatına görə, partiyanın İdarə Heyətinin bugünkü iclasında Bakı Dövlət Universitetinin sabiq rektoru A.Məhərrəmovun ətrafında baş verən olaylara bir daha münasibət bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı məmurlar, xüsusilə Şeyxülislam Allahşükür Paşazadə tərəfindən onun günahsız olması ilə bağlı səslənən fikirlər cəmiyyəti çaşdırmaq məqsədi daşıyır.
“Dövri mətbuatda A.Məhərrəmovun öz vəzifəsindən sui-istifadə edərək böyük sərvət toplaması, rüşvət və korrupsiya yolu ilə milyardlarla qanunsuz gəlir əldə etməsi, yaxın ətrafını yüksək postlara yerləşdirməsi barədə kifayət qədər materiallar yayılıb və yenidən onun müdafiəsinə qalxan insanlar onun və hazırki iqtidarın digər kadrları haqqında formalaşmış ictimai rəyi dəyişmək gücündə deyillər”, – İdarə Heyətinin bəyanatında bildirilir.