Bu kadrları Avropada görsək, məmur sadəliyi, məmur təvazökarlığı deyə bilərik. Əlbəttə, biz də həmin videoda qəribəlik axtarmırıq. Biri gənclər və idman naziri Fərid Qayıbovdur, biri onun təyinatı qalmaqallı, müzakirələrə səbəb olan bolqar müavini Mariana Vasilevadır, digəri isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti, 5-10 manat işıq pulu gecikən kimi qapılara hədə dolu xəbərdarlıq bildirişi göndərən “Azərişıq” ASC sədri Vüqar Əhmədov…
Kadrlardan görünür ki, gənclərlə rəqs edir, yallı gedirlər. Reportyor.info yazır ki, hadisə Mingəçevirdə vaqeə olub.
Akademik avarçəkmə, kayak və kanoe üzrə Gənclər Kuboku keçirilib, 2 fevral Gənclər Gününün 25 illik yubileyi münasibətilə rəqs ediblər, gənclərə təbriklər çatdırılıb.
Ümumiyyətlə, yeni nazirlə müavini deyəsən, oynamaq həvəskarıdırlar, hara çatırlar rəqs edirlər. Yəqin hesab edirlər ki, ölkəmizin gəncliyinin işıqlı gələcəyi var.
Amma yallı getməmişdən qabaq Mingəçevirdə azı 10 gəncin işsizlik, sosial təminat problemi ilə maraqlana bilərdilər.
Eləcə də V.Əhmədov gənc ailələrə baş çəkib işıq pulunu ödə bilib-bilmədiklərini öyrənə bilərdi. Amma onları maraqlandırmır, əsas rəqs etmək olsun…
Di gəl, “Azərişıq” ASC sədri istər gənc, istər yaşlı olsun, bütün abonentlərə “gün verib, işıq vermir”. Kimin 10-15 manat işıq pulu ödənişi 3 gün yubanır, qapısına təhdid dolu bildiriş qoyulur ki, pulu verməsən işığını kəsəcəyəm. V.Əhmədov bu biabırçı addımlarına son qoymur, amma gəlib gənclərlə rəqs edə bilir.
F.Qayıbova gəlincə, gənclər naziri hələ ki Mariana Vasileva ilə gəzintilərdədir, səfərlərdədir, gənclərin problemlərini yada salan yoxdur.