Xızı-Abşeron Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
İşğaldan azad edilmiş ərazilərimizdə qlobal işlər gedir. Bu ərazilərdə artıq bir neçə su elektrik stansiyaları inşa edilib. Burada 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan edilib. Hazırda həmin su elektrik stansiyaları fəaliyyət göstərir.
Yaxın gələcəkdə günəş və külək elektrik stansiyalarının yaradılması nəzərdə tutulur və bu barədə konkret planlar vardır.
Cəbrayıl rayonunda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr aparılır. Nəzərdə tutulan Cəbrayil Günəş elektrik stansiyasının enerji istehsalı 240 meqavata bərabər olacaq.
Bu günlərdə isə ölkəmizin həyatında önəmli bir hadisə baş verib. Səudiyyə Ərəbistanının “ACWA Pover” şırkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Bakıda Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xızı–Abşeron Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpa olunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır.
İnşa olunacaq stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Pover” şirkətidir.
Şirkət tərəfindən inşa edilmiş stansiyanın enerji istehsalı gücü 42 min meqavatdan çoxdur.
Stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşacaqdır. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq”.
Aparılan təhlil – tədqiqat işlərindən məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə 10 min meqavata yaxın bərpaolunan külək və elektrik enerjisinin istehsalı mümkündür.
Bir çox ölkələrdə nüvə elektrik stansiyalarının bağlanması ilə bağlı qərar qəbul edilib. Beləliklə Avropa və region ölkələrində elektrik enerjisinə getdikcə tələbat artır. Azərbaycan isə həm daxili tələbatı ödəyir, həm də demək olar ki, bütün qonşu ölkələrə enerji ixrac edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir.
Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən–ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Ölkənin qeyri-neft sənayesi təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir.
Bütün dünyada pandemiya ilə əlaqədar maliyyə böhranı olduğuna görə iqtisadi fəallıq bir nə qədər azalıb. Lakin bütün bunlara baxmayaraq indiyə qədər xarici şirkətlər tərəfindən Azərbaycana 10 milyardlarla dollar sərmayə qoyulub və bu sərmayə qoyuluşu bu gün də davam edir.
Qardaş Türkiyənin şirkətlərindən biri isə Azərbaycana çox böyük həcmdə investisiya qoymağa qərar verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bütün Azərbaycan xalqı işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
İqtisadi sahədə ölkələrimiz arasındakı əməkdaşlığın çox böyük perspektivləri var. Bizim ölkələr energetika sahəsində OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik”.
Şəhla Ağbulud