Bu il də məmurlar üçün sınaq dövrü oldu. Kimisi özünü doğrultmadı, kimisi vəzifəsindən azad edildi, kimisi həbs olundu.
İstər dövlət rəhbərliyinin məmurların fəaliyyətinə qiyməti, istərsə ictimai rəyin təsirləri özünü göstərdi.
O baxımdan 2021 məmurlarn sınaq imtahanı kimi yadda qaldı. Amma bu mərhələdən alnıaçıq, başıuca çıxanlar da oldu.
Xüsusən bir neçə icra başçısının şəhid ailələrinə və qazilərə həssas münasibəti, onlara dəstək verməsi, problemlərinin həllində kömək göstərməsini qeyd etmək lazımdır. Əlbəttə, şəhid ailəsini qapıdan qovan, qaziləri saymayan məmurlar da az olmadı.
Amma ilin yekunlarını qiymətləndirərkən fəaliyyəti ilə müsbət rəy qazanmış icra başçılarını vurğulamaq yerinə düşür.
Reportyor.info bu istiqamətdə həm dövrü mediada, həm sosial şəbəkələrdə yayımlanan materiallara, paylaşılan foto və video faktlara, edilən müraciətlərin nəticəsinə istinad edərək yazır ki, üç icra başçısı xüsusi fərqlənirlər.
Onlardan biri Tovuz rayon icra başçısı Məmməd Məmmədovdur. M.Məmmədov Vətən müharibəsinin iştirakçılarına, qazilərə, şəhid ailələrinə, o cümlədən aztəminatlı ailələrə hər zaman diqqət göstərməsi ilə seçilib. Onların iş təminatında, hansısa çətinliklərinin həllində Tovuzun İH başçısı qayğısını əsirgəməyib.
M.Məmmədov həqiqətən də özünü bir məmur kimi yox, sadə vətəndaş kimi aparıb, Tovuz camaatı ondan istiqanlı münasibət görüb. Sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda gedən materiallardan da məlum olur ki, icra başçısı Vətən müharibəsinin qəhrəmanlarına, qəhrəman ailələrinə özəl diqqət ayırıb, icra hakimiyyətinə müraciət edən kimsə ümidsiz qayıtmayıb.
Eyni sözləri Bakının Suraxanı rayon icra başçısı Əziz Əzizov haqda da söyləmək olar. Suraxanı rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət olunur.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə şəhid və qazilərin övladlarının müayinəsi təşkil olunub.
Suraxanı rayonunda Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
Bu siyasətin mərkəzində Prezident İlham Əliyev dayanır və onun təyin etdiyi nümayəndələr yerlərdə tapşırıqlarını icra etməlidirlər. Bu göstərişə əməl edənlərdən biri Suraxanı icra başçısı Əziz Əzizovdur.
Onun tapşırığı ilə qazilərə, şəhid ailələrinə ərzaq yardımları da olub, hər bir problemlərinə həssaslıq nümayiş etdirilib. Elə Suraxanı İH-nin rəsmi saytına nəzər yetirəndə də şahid oluruq ki, mütəmadi olaraq ayrı-ayrı qazilərin evlərinə baş çəkilir, kömək göstərilir.
Bu fəaliyyətinə görə təqdir edilən Ə.Əzizov həqiqətən də dövlət və Suraxanı camaatı qarşısında etimad qazanıb. Prezidentin də məmurlardan gözlədiyi məhz insanlarla işləmək, dərdlərinə şərik olmaq, kömək göstərməkdir ki, hər kiçik problemə görə vətəndaş Administrasiyaya müraciət etməyə məcbur qalmasın.
Bu baxımdan apardığımız müşahidələr, KİV-də gedən məlumatlar göstərir ki, Tovuz və Suraxanı rayon icra başçıları kimi Abşeron rayon icra başçısı İradə Gülməmmədova da vətəndaşların problemlərinə diqqət ayırır, şəhid və qazi ailələri ilə maraqlanır. Abşeronda qazi və şəhid ailələrinin mütəmadi olaraq ziyarəti davam edir.
Məhz onun göstərişi ilə mütəmadi onların problemləri dinlənilir və qısa zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri və qazilərin daimi olaraq diqqət mərkəzində saxlanılması üçün müxtəlif layihələr icra olunur.
Onlardan biri də qazilərimizin və eləcə də şəhid ailələrinin öz evlərində tibbi müayinələrdən keçirilməsi, tibbi dəstəyin göstərilməsidir.
Həmçinin Lənkəran şəhər icra başçısı Taleh Qaraşov da qazilərlə daim maraqlanır, şəhid ailələri ilə görüşür, şəhidlərin məzarlarını ziyarət edir. T.Qaraşov qazilərin və şəhid ailələrinin problemlərinə hər zaman diqqət ayırıb, biganə qalmayıb.