Vətən müharibəsini qələbə ilə sonuclandıran Azərbaycan dünyanın müxtəlif siyasi arenalarında da diplomatik uğurlar, naliyyətlər əldə etməkdədir. Bu uğurlar bir-birinin ardınca beynəlxalq təşkilatları da əhatə edir. Növbəti belə uğur Türkmənistanın paytaxtı Aşqabadda qazanıldı. Belə ki, cari ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirildi. Toplantı həm siyasi bəyanatları, qarşılıqlı razılaşmalar, həm də keçirilən görüşlərlə yadda qaldı. Qeyd etmək lazımdır ki, konstruktiv əməkdaşlıq platforması olan İƏT çox böyük əhəmiyyətə malikdir. Azərbaycan da bu təşkilartın fəal üzvlərindən biridir. Rəsmi Bakının İƏT-ə üzv dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.
Prezident İlham Əliyev toplantı zamanı etdiyi çıxışında da bu məsələlərdən söz açaraq bildirib ki, rəsmi Bakı əməkdaşlığa açıq ölkədir. Eyni zamanda Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcəkdir.
Cənab Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatında əldə ediklən uğurlardan da danışıb. Ölkə başçısı bildirib ki, son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində respublikamızda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Ölkəmizin iqtisadi arenada əldə etdiyi uğurlar heç şübhəsiz ki, respublikamızı xarici investorlar üçün cəlbediciliyini artırıb. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.
Ölkəmizdə əldə olunan iqtisadu uğurlar beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Belə ki, Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Bütün bu göstəricilər Azərbaycanlın sistemli şəkildə işlər gördüyünü bir daha sübut edir.
Prezident İlham Əliyev İƏT tribunasında Ermənistanın işğalçılıq siyasətindən və bu işğalçılığa son verilməsindən də danışıb. O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. “44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır” – deyə Prezident İlham Əliyev qeyd edib.
Azərbaycan torpaqların işğaldan azad edilməsindən sonra Qarabağda həyata keçirilən yenidənqurma işlərindən də danışılıb. Eyd edilib ki, müharibə bitən kimi genişmiqyaslı yenidənqurma işlərinə start verilib. Görülmüş işlərin artıq ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısından görünən odur ki, üzv dövlətlər də Zəngəzur dəhlizinin reallığa çevrilməsində maraqlıdırlar. Onlar yaranan yeni imkanları dəyərləndirməyə və bu istiqamətdə müzakirələr aparmağa səy göstərirlər. Artıq hər kəsə aydındır ki, “Zəngəzur dəhlizi” sadəcə bir ideya deyil, o artıq reallığa çevrilən yeni imkanlardır. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu baxımdan üzv dövlətlər də yaranan yeni imkanlardan yararlanmaq üçün müxtəlif istiqamətlərdə çalışmalarını genişləndirəcəklər.
Seymur Qasımbəyli