Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı çəpərlənmiş yaşıllıq ərazidə 4 ədəd ağacın zədələndiyi məlum olub. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələri 2 gün ərzində məlum olacaq və nəticələrə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.
Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub. Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan “məcburi göstəriş” verilib.
* * *17:00
Bakıda ağacların dibinə zəhərli kimyəvi maddə tökülərək məhv edilməsinə dair daha bir cinayət əməli baş verib. Virtualaz.org xəbər verir ki, Nərimanov rayonu ərazisində, 45 saylı orta məktəbin yaxınlığında sakinlər bir neçə çoxillik ağacın dibinə naməlum şəxs, yaxud şəxslər tərəfindən “kislota” töküldüyünü aşkar ediblər. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən ağacların dib hissəsinin qabığı soyulub və kimyəvi maddə ilə yandırılıb. İzi itirmək üçün daha sonra kimyəvi maddənin üstünü torpaqlayıblar.
Oxşar hadisə bir neçə gün əvvəl Yasamal rayonu ərazisində aşkar edilmişdi və onlarla ağacın dibinə sulfat turşusu tökməkdə şübhəli bilinənlərdən biri saxlanılmışdı.
Əməkdaşımız Gülnar Əliyeva Nərimanov rayonu ərazisində ağacların kimyəvi maddə ilə məhv edilməsi faktını araşdırmaq üçün hadisə yerinə gedib. Həmin hadisə Ağa Nemətulla küçəsi, 1987-ci məhəllədə baş verib. Yaxınlıqda yaşayan sakinlər deyiblər ki, bir gün əvvəl kimlərsə 4 ağacın (iki zeytun, iki qaraağac) dibinə kimyəvi maddə tökərək yandırıblar. Sakinlər bu faktı aşkarlayaraq DİN-in 102 xidmətinə məlumat veriblər. Əraziyə polis əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəliblər.
Hazırda Mənzil İstismar Sahəsinin əməkdaşları ağacların olduğu yerdə təmizləmə işləri aparırlar. Onlar deyirlər ki, ağacları dibinə tökülən məhluldan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nümunələr götürüb gediblər.
Sakinlər isə deyirlər ki, kimlərsə bu ərazidə obyekt tikmək istəyir. Əvvəllər bu sahə kiçik park olub, yaxınlıqda yaşayan sakinlər orada istirahət ediblər. Lakin bir müddət əvvəl bu yaşıllıq sahəsindən skamyalar götürülüb. Görünür ağacları məhv etmək istəyənlər bu ərazidə obyekt tikmək istəyənlərdir.
Virtualaz.org




◀▶