Bu gün bir qrup vətəndaş Prezident Adminstrasiyasının qarşısına toplaşıb. REPORTYOR.info xəbər verir ki, onlar “Konstra” Mənzil Tikinti Kooperativindən (MTK) şikayətçidir.
Şikayətçilərdən Bəxtiyar Əmirov əməkdaşımıza bildirib ki, 130 nəfər “Konstra” MTK-dan mənzil alıb. Amma onlar bu şirkətlə “Orxan TİT” MMC arasında yaranan mübahisədən dolayı hələ də mənzillərinə köçə bilməyiblər. “Mən 96 min manat pul verib mənzil almışam. 20 ilə yığmışam bu pulu. Amma indi mənzilimə köçə bilmirəm. Çünki “Konstra” MTK ilə “Orxan TİT” MMC arasında hansısa problem var. Bunların problemi var deyə 130 nəfər çöllərdə qalıb”, – deyə şikayətçi əlavə edib.
Şikayətçilərin sözlərinə görə, “Konstra” MMC-nin rəhbəri Bəhram Abbasovdur. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri vəzifəsində çalışıb. Bəzi məlumatlara görə, bu qalmaqaldan sonra vəzifəsindən azad edilib.
“Orxan TİT” MMC-yə gəlincə, şikayətçilər deyir ki, bu şirkətin Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədova məxsus olduğu bildirilir.
Xatırladaq ki, ötən il “Konstra” MTK barədə cinayət işi başlanıb.
Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirlirdi ki, aparılan araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.