Baş nazir Nikol Paşinyan aprelin ikinci yarısınadək istefaya getməlidir.
Reportyor.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Taron Simonyan bildirib.
O qeyd edib ki, N.Paşinyan fraksiya lideri Qagik Tsarukyanla 18 martda keçirdiyi görüşdən sonra növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini açıqlayıb. T.Simonyan deyib ki, baş nazirin istefası seçkilərdən 45-60 gün öncə reallaşmalıdır.
“Əgər 20 iyundan gerisayım başlayırsa, o halda qanuna görə, baş nazir aprelin ikinci yarısından istefa verməlidir”, – deyə, deputat əlavə edib.
Qeyd olunur ki, əgər baş nazirin istefasından sonrakı 14 gün ərzində parlament yeni hökuməti təsdiiqləməsə, o halda Milli Məclis buraxılır. Ermənistan Konstitusiyasına görə, seçkilər parlamentin buraxılmasından sonrakı 30-45 gün ərzində keçirilməlidir.