Vətən müharibəsi başlayanda bəzi məmurlar və onların övladları canfəşanlıq etməyə, dəridən-qabıqdan çıxmağa başlamışdılar. Onlar cəmiyyəti inandırmağa çalışırdılar ki, vətənpərvərlikdə xalqın övladlarından geri qalmırlar, Qarabağ üçün döyüşməyə və canlarından keçməyə hazırdırlar.
Ona görə Prezidentin səfərbərlik elan etməsindən sonra bir qism məmur uşaqları, nazir balaları sıraya düzlənərək ictimai rəydə xal qazanmaq üçün könüllü şəkildə adlarını orduya yazdırdılar, özlərini reklam edib “nümunə” olmaq üçün çırmandılar. Amma hadisələrin gedişində və 44 günlük müharibənin sonunda məlum oldu ki, adı çəkilən nazir və məmur övladları nə döyüşüblər, nə qazi olublar. Ən azı biri də səngərdə olmayıb ki, cəmiyyət tərəfindən alqışlansın. Bəs bu haray-həşir, özünü gözəsoxma kimin və nə üçün idi?
Reportyor.info Ordusu zəfər çalmış və Ermənistanı hərbi kapitulyasiyaya imza atmağa məcbur etmiş ölkədə könüllü səfərbərliyə yazılmış məmur balalarının adlarını yada salmağı zəruri bilir. Bu xatırlatmanın başında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları gəlir.
Tale və Nicat Heydərovlar orduya könüllü yazılaraq cəbhəyə getməyə hazır olduqlarını göstərmişdilər, amma nədənsə biri də Qarabağda olmadı. Baxmayaraq ki, bir evdən iki, hətta üç oğulun Qarabağda döyüşməsi, birinin şəhid olması, digərinin yaralanması, yaxud hər iki qardaşın şəhidlik zirvəsinə ucalması kimi çoxlu nümunələr, faktlar göstərmək olar. Siyahıda nazirdən sonra icra başçılarının balaları gəlir. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə onlardan biriydi.
Amma biz onun oğlunun döyüşməsi haqda xəbərlər almadıq. Onun həmkarı – Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və oğlu da eynilə orduya könüllü yazılmışdılar.
Nə sirrdirsə, nə kəramətdirsə icra başçısının övladı da Qarabağda döyüşmədi. Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəni qeyd etmək olar. Onun şəstlə dayanıb çəkdirdiyi bir fotosu da varıydı. Di gəl ki, Şəmkir şefinin oğlu da 44 günlük müharibənin iştirakçısı olmadı.
Çünki Azərbaycanda məmur övladları yalnız avtoxuliqanlığın, adam döyməyin, ya ölkədə və xaricdə villallar almağın, şirkətlər yaratmağın, ya da vəzifəli valideyn puluna eyş-işrət məclisləri qurmağın iştirakçısı ola bilər.
İlqar Mətin