Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiyada səfərdədir. Sentyabrın 23-də spikerin başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib.
Rusiya tərəfi yeni tərkibli Milli Məclisin nümayəndə heyətinin ilk səfərlərdən birini Rusiyaya etməsini yüksək qiymətləndirib. O cümlədən Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.
Lavrov qeyd edib ki, Rusiya Azərbaycanla həyatın bütün sahələrində, o cümlədən diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.
S.Qafarova da öz növbəsində deyib ki, Rusiya ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Bir sözlə, tərəflər bir-birinə qarşılıqlı etimadı diqqətə çatdırıblar.
Azərbaycanın Rusiyada səfiri olmuş siyasi analitik Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, sözügedən görüş dostluq nümayişi idi, amma ciddi məsələlər müzakirə edilmədi.
Politoloq hesab edir ki, Rusiyanın Qarabağ məsələsində fəaliyyəti, yaxınlaşan müharibəyə münasibəti söhbətdən kənarda qaldı: “Görünür ki, bu mövzular başqa yerlərdə danışılıb. Ona görə də Lavrovla Milli Məclisin sədrinin söhbətində mühüm məqamlardan söz açılmadı.
Mənə elə gəlir ki, Lavrovun dilində yazılan 5 rayonun qaytarılması xəbəri də jurnalistlərin səhvi idi. Onlar ürəklərindən keçəni yazıblar. Amma Rusiya Xarici İşlər Nazirliyi rəsmi şəkildə təkzib etdi və məsələ qapadıldı”.
H.Hacızadənin fikrincə, Rusiya hansısa məxfi yollarla Azərbaycana və Ermənistana hərbi əməliyyat haqda mövqeyini bildirməlidir: “Bəlkə də hər iki tərəfə Moskvanın münasibəti deyilib, sadəcə, xəbərimiz yoxdur. Rusiya taktiki manevr edir və aşkar mövqe sərgiləmir. Moskva hansısa kanallarla fikrini açıqlayır.
Çünki indi açıq mövqe qoymaq çətindir. Əvvəla, Türkiyə gəlir, ikincisi, Ankaranın və Bakının qətiyyəti var, o cümlədən Paşinyanın Qərbə yönəlik siyasəti Kremlin xoşuna gəlmir. Ona görə bu faktorlar nəzər alınır və Rusiya ehtiyatla davranır. Ümumiyyətlə, vəziyyət qəlizləşib və biz arzu edirik ki, hər şey vətənimizin xeyrinə olsun”.